news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 aprel 2026

İtaliya Senatında Azərbaycanın üzləşdiyi mina probleminə həsr olunmuş konfrans keçirilib

14 aprel 2026-cı il tarixində İtaliya Senatında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri senator Marko Skurrianın təşəbbüsü, Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyin   təşkilatçılığı və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin iştirakı ilə "Minalardan Təmizləmə: təhlükənin qarşısının alınması, gələcəyin yenidən qurulması. Azərbaycanın baxışı" başlıqlı konfrans təşkil edilmişdir.

İtalyanın ilk və ən məşhur xəbərlər televiziya kanalı olan RaiNews televiziya kanalının baş redaktorunun xarici xəbərlər üzrə müavini jurnalist Annamariya Espozitonun moderatorluğu ilə keçirilən konfransda  İtaliya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, senator Marko Skurria, Respublika Təhlükəsizlik üzrə Parlament Komitəsinin (COPASIR) katibi, deputat Ettore Rozato, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Humanitar Fövqəladə Hallarda Beynəlxalq Müdaxilələr idarəsinin rəisi səfir Canluka Brusko, ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov, İtaliyada minalara qarşı ən böyük qeyri-hökumət təşkilatı olan İtaliyanın Minalara Qarşı Kampaniyasının direktoru Cuzeppe Skiavello, "ArtCloud Network International" şirkətinin kreativ direktoru Fabritsio Konti və Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfiri Rəşad Aslanov natiqlər qismində çıxış etmiş və dünyada ən çox minadan əziyyət çəkən ölkələrdən biri olan Azərbaycandakı mina problemini, görülən işləri və qarşıda duran çətinliklər barədə danışılmışdır.

Senator Marko Skurria Azərbaycandakı mina problemi, Azərbaycan və İtaliya arasında minatəmizləmə sahəsində mövcud əməkdaşlığı və bu fəaliyyətdə Romadakı Azərbaycan Səfirliyinin aktiv rolunu vurğulamış, münaqişələrin sonunda sülhün bərqərar olmasının vacibliyini, lakin minalar səbəbindən insanların evlərinə geri dönüşünün gecikdiyini söyləmişdir.

COPASIR-in katibi, deputat Ettore Rozato çıxışında Qarabağda sürətlə aparılan yenidənqurma proseslərini, habelə quruculuq sahəsində müasirlik və innovasiyanın geniş tətbiq edildiyini təqdir etmişdir. Mina ilə çirklənmiş ərazilərdə aparılan əməliyyatların önəmini qeyd etmişdir.

Səfir Canluka Brusko İtaliya xarici işlər nazirinin müavini və Piyada Əleyhinə Minalara Qarşı Humanitar Fəaliyyət üzrə İtaliya Milli Komitəsinin rəhbəri Edmondo Çiriellinin salamlarını çatdıraraq belə bir mühüm məsələyə diqqət çəkən tədbirin əhəmiyyətini vurğulamış, həmçinin İtaliya XİBƏN ilə ANAMA arasında əməkdaşlıq perspektivləri barədə danışmışdır.

ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov Azərbaycanda təxminən 1 milyondan artıq minanın basdırıldığını və bunun ölkə ərazisinin 11.667 km2 hissəsini əhatə etdiyini, 2020-ci ildən bu günədək 422 Azərbaycanlının mina qurbanı olduğunu və bu gün də ANAMA işçisinin öz vəzifə borcunu yerinə yetirərkən mina partlayışı nəticəsində həyatını itirən 73-cü şəxs olduğunu qeyd etmişdir.

Yenidənqurma və reabilitasiya işlərində, o cümlədən sosial və iqtisadi reinteqrasiya, məcburi köçkünlərin geri qayıtması və regionda sülhün və əməkdaşlığın möhkəmləndirilməsində əsas maneələrin məhz minaların olduğunu qeyd edən S.Poladov ölkəmizdə tətbiq edilən mina təmizləmə üsullarından danışmışdır.

İtaliyanın Minalara Qarşı Kampaniyasının direktoru Ciuzeppe Skiavello İtaliyanın mina təcrübəsini təqdim etmiş, iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlıqdan danışmışdır.

İllərdir Qarabağda yenidənqurma, memarlıq və mədəni irsin qorunması sahəsində fəal iştirak edən "ArtCloud Network International" şirkətinin kreativ direktoru Fabritsio Konti azad edilmiş ərazilərə çoxsaylı səfərlərinin təcrübəsini bölüşmüşdür.

Minatəmizləyən qadın işçilər və ərazidəki vəziyyət haqqında iki video nümayiş etdirilmişdir.

Konfransdakı yekun nitqində Azərbaycan Respublikasının İtaliyadakı səfiri Rəşad Aslanov təşkilatçılara, natiqlərə və tədbir iştirakçılarına təşəkkür etmiş və minaların mövcudluğunun insanların evə qayıtmasını ləngitdiyini vurğulamışdır. Səfir bu istiqamətdə Azərbaycan dövlətinin səyləri barədə danışmış, beynəlxalq əməkdaşlığın, xüsusən də İtaliya ilə bu sahədə əməkdaşlığın uğurla nəticələnəcəyinə əminliyini nəzərə çatdırmışdır.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti