Romada Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub
16 sentyabr 2025-ci il tarixində İtaliyanın paytaxtı Romada yerləşən Santa Çeçiliya Musiqi Konservatoriyasında Azərbaycanda peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert təşkil edilmişdir.
Konsert Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, İtaliyadakı səfirliyi və səfirliyin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi və Santa Çeçiliya Dövlət Konservatoriyasının birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. Konsertdə İtaliyanın mədəniyyət və akademik dairələrinin nümayəndələri, səfirlər, diplomatlar, habelə İtaliyada yaşayan həmvətənlərimiz iştirak etmişdilər.
Tədbiri açıq elan edən Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə konsertin Üzeyir Hacıbəylinin doğum günü münasibətilə Mədəniyyət Nazirliyinin təşkil etdiyi XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirildiyini bildirmiş və ifa olunan əsərlər barədə təqdimat etmişdir.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov çıxışında 2009-cu ildən ölkə başçısının Sərəncamı ilə 18 sentyabr tarixinin Milli Musiqi Günü kimi qeyd olunduğunu xatırlatmış, Üzeyir Hacıbəylinin Azərbaycan milli musiqisinin banisi və Şərqdə ilk operanın müəllifi kimi mədəniyyət tariximizdə mühüm rol oynadığını diqqətə çatdırmışdır. O, həmçinin bəstəkarın Azərbaycanın Dövlət Himninin bəstələnməsində, milli konservatoriyanın yaradılmasında və musiqi təhsilinin inkişafındakı misilsiz xidmətlərini qeyd etmişdir.
Konsert proqramında Milan şəhərində yaşayan həmvətənlimiz, opera müğənnisi Çinarə Şirinova fortepiano müşayiəti ilə Üzeyir Hacıbəylinin əsərlərini səsləndirmiş, “Ritm” rəqs qrupu isə milli rəqslərimizi nümayiş etdirmişdir.
Eyni zamanda, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 18 sentyabr tarixində İtaliyanın “Radio Classica” radio dalğasında Luca ZaraMellanın apardığı “Punto di Radio Classica” verilişi zamanı yerli vaxtla 11:00 və 21:00-da Üzeyir Hacıbəylinin bəstələdiyi musiqi parçaları səsləndirilmişdir.