Romada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
Azərbaycanın Müqəddəs Taxt-Tac və İtaliyadakı səfirliklərinin təşkilatçılığı ilə Romadakı “Sant’Agnese Fuori le Mura” bazilikasında Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Xocalı şəhəri barədə tədbir iştirakçılarına məlumat verib, onun strateji baxımdan Azərbaycanın Qarabağ bölgəsində əsas yolun üzərində yerləşdiyini və buna görə də Ermənistan silahlı qüvvələrinin Xocalıya həm əsas hədəf, həm də Qarabağın dinc əhalisini qorxutmaq, işğala qarşı müqaviməti zəiflətmək üçün fürsət kimi gördüyünü deyib.
Səfir 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə şəhərə kütləvi hücuma keçdiyi, həmin gecə ümumilikdə 613 nəfərin, o cümlədən 63 uşaq, 106 qadın, 70 ahıl insanın həyatını itirdiyi, sağ qalan şəhər sakinlərinin məcburi köçkün vəziyyətinə düşərək Azərbaycanın 48 rayonunda müvəqqəti sığınacaq tapdığı barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, Vətən müharibəsi nəticəsində şanlı Azərbaycan Ordusu Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və uzun sürən işğala son qoydu. Xocalı soyqırımının törədilməsində təqsirləndirilənlərin bəzilərinin bu gün Azərbaycanda mühakimə olunduğunu və bu qətliamın icraçılarının cəzalandırılmasının gələcəkdə bu kimi cinayətlərin törədilməməsi baxımından da önəmli olduğu qeyd edilib. İndi isə ölkəmiz azad olunmuş bütün ərazilərdə, o cümlədən Xocalıda geniş bərpa və yenidənqurma layihələri həyata keçirir. Digər bölgələrin sakinləri kimi, doğma yurdlarına geri qayıdan Xocalı əhalisi də evlərində sülh, əmin-amanlıq içində yaşayacaq.
Tədbirin bədii hissəsində İtaliyanın “Constantina” musiqi kapellasının xor kollektivi və orkestri tərəfindən məşhur italyan bəstəkarı Antonio Vivaldinin əsərləri, o cümlədən Azərbaycan xalq mahnısı “Laçın” ifa olunub.
Məlumat üçün bildirək ki, 340-345-ci illər arasında Roma imperatoru I Konstantinin qızı Konstantina tərəfindən öz məqbərəsi kimi tikilən “Santa Costanza” Monumental Kompleksi Mavzoleyində yerləşən “Sant’Agnese Fuori le Mura” bazilikası VII əsrin birinci yarısında Papa I Onorio tərəfindən tikdirilib. Bazilika 753-cü ildə Lombardların kralı Astolfo və 1241-ci ildə II Fridrix tərəfindən talan edilib, ciddi dağıntılara məruz qalıb və hər iki halda Roma papaları tərəfindən bərpa olunub.