news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 aprel 2026

Azərbaycan səfiri San Marinoda yeni Kapitan Regentlərin andiçmə mərasimində iştirak edib

 

01 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov San Marino Respublikasının Kapitan-Regentləri Zati-aliləri Alis Mina və Vladimiro Selvanın andiçmə mərasimində iştirak etmişdir.

San Marino Respublikasında akkreditə olunan diplomatik korpus nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin açılış hissəsində hərbi korpusun iştirakı ilə rəsmi bayraq qaldırma mərasimi keçirilmiş, daha sonra isə Valloni sarayında yeni Kapitan Regentlərə diplomatik korpusun nümayəndələri təqdim edilmiş, duayen və sonda isə Kapitan Regentlər çıxış etmişlər.

Duayen apostolik nunsio Petar Rajic çıxışında dialoqu təşviq etmək, maraqlar balansı və bütün insanların və sosial icmaların ləyaqətinin fundamental tanınması yolu ilə dinc yanaşı yaşamağın inkişafının tarixin böyük sxemində az “əhəmiyyətli” kimi görünən subyektlərin iştirakından asılı olduğunu bildirmiş və vurğulamışdır ki, məhz həmin subyektlər tərəfindən cəmiyyətlər və siyasi təşkilatlar üçün əsas məqsədin və meyarın insan şəxsiyyətinin azadlığı və müstəqilliyinin olduğu xatırladılır.

Prosedur olaraq, daha sonra Kapitan Regentlər Dövlət Binasına gedərək, 12-lərin Şurası Zalında Dövlət Konqresinin üzvlərinin iştirakı ilə hazırki Kapitan Regentlərlə görüşmüşlər.

Tədbir Müqəddəslərin Bazilikasında dini ayinlə davam etmişdir. Dini ayindən sonra yeni Kapitan Regentlər Dövlət Binasında daxili işlər nazirinin qarşısında rəsmi olaraq and içmişlər və çıxış etmişlər. Beləliklə, onlar öz sələflərindən San Marino Atçılıq Ordeninin Böyük Ustası titulunu almışlar.

Dövlət Binasında rəsmi natiq qismində tədbirə qatılan AŞ Baş katibi Alen Berset çıxış etmişdir.

Daha sonra hərbi orkestr tərəfindən milli himn səsləndirilmiş və tədbirin başladığı Azadlıq Meydanında hərbi korpusun müşayiəti ilə bayraq endirmə mərasimi ilə tədbir yekunlaşmışdır.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti