Azərbaycan Ümumdünya Ərzaq Təhlükəsizliyi Komitəsinin sessiyasında təmsil olunub
20-24 oktyabr 2025-ci il tarixlərində “Qida Təhlükəsizliyi və Qidalanmada Fərq Yaratmaq” başlığı ilə Ümumdünya Ərzaq Təhlükəsizliyi Komitəsinin 53-cü sessiyası keçirilmişdir.
Sessiyada Komitənin 126 üzv, 10 qeyri-üzv ölkələri, 14 BMT Agentlikləri, 102 vətəndaş cəmiyyəti təşkilatları və çox sayda beynəlxalq kənd təsərrüfatı tədqiqat təşkilatları, beynəlxalq və regional maliyyə qurumları, özəl sektor assosiasiyaları və özəl xeyriyyə fondlarının nümayəndələri iştirak etmişdilər. Azərbaycan tədbirdə Romada yerləşən BMT Agentlikləri yanında Daimi Nümayəndəliyi ilə təmsil olunmuşdur.
Sessiyanı Komitənin sədri, CAR-ın səfiri Nosipho Nausca-Jean Jezile açıq elan etmişdir. Açılış günündə BMT-nin Baş katibi, ECOSOC-un Prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru, IFAD-ın Prezidenti, ÜƏP-in icraçı direktorunun müavininin bəyanatları dinlənilmişdir.
Çıxışlarda 2.3 milyard insanın orta və ya ağır dərəcədə ərzaq çatışmazlığı yaşadığı, yüz milyonlarla uşaq və qadının qidalanma çatışmazlığından əziyyət çəkdiyi, 2023-cü ildə kənd təsərrüfatına dövlət xərclərinin rekord həddə 701 milyard funta çatmasında baxmayaraq, bu rəqəmin ümumi dövlət xərclərinin yalnız 2%-ni təşkil etdiyi, Qəzza və Sudanda aclığın yüksək həddə qaldığı vurğulanmışdır. Təşkilat rəhbərləri cari ilin iyul ayında keçirilən BMT-nin Qida Sistemləri Zirvə Toplantısının qidanın sülh, bərabərlik və iqlim dəyişikliyi ilə mübarizə üçün bir mühərrik kimi yenidən təqdim edilməsinə yönəldiyini bildirərək, Dövlət İnkişaf Bankları və özəl sektor da daxil olmaqla, tərəfdaşlıqların dərinləşdirilməsinin qlobal siyasətin yerində konkret nəticələrə çevrilməsinə kömək edəcəyini, milli sistemlərin gücləndirilməsinin davam etdirilməli və yaşayış xərclərini təmin edən və uzunmüddətli dayanıqlıq yaradan icma tərəfindən idarə olunan proqramların qorunmalı və dəstəklənməli olduğunu bildirmişlər.
FAO-nun Baş direktoru Qu Dongyu dünya gənclərinin 44% təşkil edən 1.3 milyard gəncin kənd təsərrüfatı məhsulları sistemlərində çalışdığını, onların maliyyə, torpaq, texnologiya və layiqli məşğulluğa çıxış baxımından ciddi məhdudiyyətlərlə üzləşdiyini, məhsuldarlığı, innovasiyanı və dayanıqlığı sürətləndirmək üçün onların bacarıqlarının və rəqəmsal alətlərinin gücləndirilməsinin vacib olduğunu, risklərə hazırlığı artırmaq və iqlim şoklarına ən çox həssas olanları qorumaq üçün FAO tərəfindən 2025-ci ildə Şoka səbəb olan Ərzaq Böhranlarının Maliyyələşdirilməsi Fondunun işə salındığını, Braziliyanın G20 sədrliyi çərçivəsində FAO, IFAD və ÜƏP-nin əsas tərəfdaşları ilə birgə başlatdığı “Aclıq və Yoxsulluğa Qarşı Qlobal Alyans”ın aclıqla mübarizədə mühüm addım olduğunu vurğulamışdır.
Daha sonra bir sıra üzvlər milli bəyanatlar səsləndirərək, ümumi narahatlığı qeyd etmiş, öz ölkələrində aqro-ərzaq sistemlərinin daha dayanıqlı olması və aclıq səviyyəsinin azaldılması istiqamətində görülən və görülə biləcək işlərdən danışmışlar.
Müzakirələr kontekstində qlobal ərzaq təhlükəsizliyinə mənfi təsirin qarşısını almaq üçün qida və kənd təsərrüfatı məhsulları ticarətinin açıq saxlanılması, ticarət təhriflərinin və əsassız ticarət maneələrinin qarşısının alınmasının vacibliyi vurğulanmışdır.
Sessiya çərçivəsində 23 oktyabr 2025-ci il tarixində Braziliya, İsveçrə, Kolumbiya, CFS ilə əlaqəli olan Vətəndaş Cəmiyyəti və Yerli Xalqların Mexanizmi vətəndaş cəmiyyəti təşkilatı və Xeyriyyəçilik Vəqfi Mexanizminin birgə təşkilatçılığı ilə “COP30-a gedən yolda: qida hüququ ilə 3 Rio Konvensiyası arasında sinerji” başlıqlı yan tədbir keçirilmişdir. Tədbirdə CFS sədri, Kolumbiyanın səfiri, Braziliya, İsveçrə və Azərbaycanın nümayəndələri çıxışçı qismində iştirak etmişlər. Azərbaycanın COP29 sədrliyi gündəliyi, əldə olunmuş nəticələr və gələcək birgə təşəbbüslər barədə müfəssəl məlumatlar təqdim edilmişdir.