news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 yanvar 2026

Azərbaycan “Roma Prosesi”nin Rəhbər Komitəsinin iclasında təmsil olunub

27 yanvar 2026-cı il tarixində İtaliyanın paytaxtı Roma şəhərində “Roma Prosesi”nin Rəhbər Komitəsinin iclası keçirilmişdir. Azərbaycan sessiyada XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov ilə təmsil olunmuşdur.

İclas Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyində (XİBƏN) İtaliya Respublikasının Nazirlər Şurası və Xarici İşlər Naziliriyinin birgə sədrliyi ilə baş tutmuşdur.

Açılış nitqini XİBƏN-in Baş katibinin müavini səfir Karlo Lo Kaşio söyləmiş və “Roma Prosesi”nin 3 istiqamət (immiqrasiya və təhlükəsizlik, iqtisadiyyat və inkişaf, iqlim və enerji) üzrə fəaliyyət göstərdiyini nəzərə çatdırmışdır. Baş katibin müavini Prosesə artıq 30 ölkə, 18 beynəlxalq təşkilat və 3 müşahidəçinin qoşulduğunu qeyd edərək, yeni üzvlər Azərbaycan, İsveç və BMT-nin Ətraf Mühit Proqramını salamlamış və dəstəyə görə təşəkkürünü bildirmişdir.

Daha sonra Baş nazirin diplomatik müşavirinin ofisindən Roberto Storaçi çıxış edərək, “Roma Prosesi”nin Afrikada “Mattei Planı”nı tamamladığını, onun məqsədinin həllərə yönəmli təşəbbüs kimi əsasən icmaların maarifləndirilməsi olduğunu nəzərə çatdırmışdır.

İlk öncə hər 3 işçi qrup üzrə sədrləri tərəfindən seçilmiş 13 layihənin təqdimatı keçirilmişdir. Qəbul edilmiş layihələr enerji, peşə təhsili, dayanıqlı kənd təsərrüfatı təchizat zəncirləri, yerli səviyyədə immiqrasiyanı idarə etmək bacarıqlarının gücləndirilməsi və dayanıqlılıq kimi strateji sektorları əhatə edir. Layihələr inkişaf səviyyələri, benefisiar ölkələrin konsensusu və “Mattei Planı”nın prinsiplərinə uyğun olaraq əlavə maliyyələşdirmə cəlb etmək qabiliyyətləri əsasında seçilmişlər.

İşçi qrupların təqdimatlarından sonra açıq müzakirələr başlanılmış və ilk olaraq söz XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərova verilmişdir. Səfir İskəndərov “Bakı İqlim və Sülh Fəaliyyəti Qovşağı” (Baku Hub) haqqında geniş təqdimatla çıxış edərək, təşəbbüsün forlamaşma zəmini, məqsədləri və 2026-cı il üçün nəzərdə tutulmuş gündəliyi barədə məlumat vermişdir. O, həmçinin “Baku Hub”-ın “Roma Prosesi” ilə sinerjisi, əlavə dəyərinin iqlimlə əlaqəli amillər də daxil olmaqla, qeyri-sabitliyin və qeyri-müntəzəm miqrasiyanın kök səbəblərinin aradan qaldırılmasına yönəlmiş əməkdaşlıq olduğunu nəzərə çatdırmışdır.

İclas zamanı İtaliyanın Afrika İnkişaf Bankı və BƏƏ ilə birlikdə yaratdığı “Roma Prosesi Mattei Planının Maliyyələşdirmə Mexanizmi”nin, təşəbbüslərin birgə maliyyələşdirilməsi üçün bir vasitə kimi mühümlüyü təsdiqlənmişdir.

Açıq müzakirələr zamanı Türkiyə, Misir, Almaniya, Danimarka, İsveç, Niderland, Birləşmiş Krallıq, Avropa Komissiyası, Dünya Bankı, Avropa İnvestisiya Bankının nümayəndələri çıxış edərək, “Roma Prosesi”nin effektivliyini bir daha vurğulamış və bu çərçivədə həyata keçirilən layihələrin reallıqda görünən nəticələrə gətirib çıxartdığına şahid olduqlarını qeyd etmişlər.

Xatırladaq ki, “Roma Prosesi” İtaliyanın Baş naziri Corca Meloni tərəfindən 2023-cü ilin iyul ayında Romada keçirilən İnkişaf və İmmiqrasiya üzrə Konfransın davamıdır ki, o, immiqrasiyaya vahid və əməkdaşlıq yanaşmasını, onun kök səbəblərini aradan qaldırmağı, immiqrantların istismarına qarşı mübarizəni və qaçqınları və həssas miqrantları miqrasiya yolları boyunca qorumağı təşviq edir, mənşə, tranzit və təyinat ölkələrini əhatə edir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti