news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 oktyabr 2025

Romadakı Azərbaycan və Ermənistan səfirləri ölkələri arasında sülh prosesi ilə bağlı fikirlərini bölüşdülər

22 oktyabr 2025-ci il tarixində İtaliyanın Roma şəhərində keçirilən ənənəvi illik Diplomatiya Festivalı çərçivəsində Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov və Ermənistanın İtaliyadakı səfiri Vladimir Karapetyanın iştirakı ilə “Sülh həmişə mümkündür” adlı tədbir təşkil edilmişdir.

Tədbir zamanı hər iki səfir Azərbaycan və Ermənistan arasındakı sülh prosesi ilə bağlı fikirlərini bölüşmüşdülər. Tədbirə Roma merinin diplomatik müşaviri Fabio Sokoloviç moderatorluq edirdi.

Səfir Rəşad Aslanov müxtəlif İtaliya və xarici universitetlərdən təxminən 150 alim və tələbədən ibarət auditoriyaya 2020-ci il Vətən Müharibəsindən sonrakı Azərbaycanın sülh gündəliyi, o cümlədən Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların işi və kommunikasiyaların açılmasının vacibliyi barədə məlumat vermişdir. Səfir sülh müqaviləsinin imzalanması üçün Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasının vacibliyini bir daha vurğulamışdır. Vaşinqtonda keçirilən Sülh Zirvəsinin tarixi əhəmiyyəti qeyd edilmişdir. İmzalanmış sənədlərin regionda sülhün bərqərar olması üçün güclü təminatlar yaratdığı bir daha vurğulanmışdır. O, Vaşinqton görüşündə razılaşdırılmış, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni bərpa edəcək, eyni zamanda Asiya ilə Avropa arasında alternativ bir əlaqə rolunu oynayacaq TRIPP marşrutu kimi tanınan regional nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd etmişdir.

Tədbirin sonunda səfir Aslanov iştirakçıların suallarını cavablandırmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti