news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 dekabr 2025

Heydər Əliyev Fonduna Laurentum Xüsusi Mükafatı təqdim edilib

 

16 dekabr 2025-ci il tarixində İtaliyanın paytaxtı Roma şəhərində, İtaliya Deputatlar Palatasının Palazzo Montecitorio binasında İncəsənət üzrə Laurentum Mükafatının XXXIX təqdimetmə mərasimi keçirilib.

Tədbirin açılış mərasimində İtaliya Deputatlar Palatasının spikeri Lorentso Fontana, Rai-nin (İtaliya Radio və Televiziyası) baş direktoru və mükafatın rəhbəri Roberto Sercio, münsiflər heyətinin sədri Cianni Letta və Deputatlar Palatasının Mədəniyyət Komissiyasının prezidenti Federiko Mollikone iştirak ediblər.

Mərasim çərçivəsində “Mədəni İrsin Qorunması” üzrə Laurentum Xüsusi Mükafatı Heydər Əliyev Fonduna təqdim olunub. Mükafatı Fondun icraçı direktorunun köməkçisi Şamil Əzizov qəbul edib.

Mükafatı təqdim edən “ArtCloud Network International” şirkətinin kreativ direktoru Fabritsio Konti Heydər Əliyev Fondunun mədəni irsin qorunması və mədəniyyətlərarası dialoqun təşviqi sahəsində beynəlxalq miqyasda fəal fəaliyyətini xüsusi vurğulayaraq, müsəlman ölkəsi olan Azərbaycanın xristian irsinin qorunması və bərpasına verdiyi töhfələri yüksək qiymətləndirib. Fondun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Vatikanın əsas ibadət məkanı olan Müqəddəs Pyotr Bazilikasında və Vatikan katakombalarında genişmiqyaslı bərpa və konservasiya işlərinin həyata keçirildiyi, həmçinin Mehriban xanım Əliyevanın cari ilin oktyabr ayında Vatikana səfəri zamanı görülən işlərlə yerində tanış olduğu vurğulanıb.

Mükafata görə təşəkkürünü bildirən Şamil Əzizov Heydər Əliyev Fondunun mədəni irsin qorunması sahəsində uzunmüddətli və ardıcıl fəaliyyətinin bu nüfuzlu beynəlxalq mükafatla dəyərləndirilməsindən məmnunluğunu ifadə edib.

Məlumat üçün bildirək ki, bu il Laurentum Mükafatı müasir incəsənət və düşüncənin bütün spektrini əhatə edən yenilənmiş konsepsiya ilə təqdim olunur. İtaliya mədəni mühitində geniş nüfuza malik olan mükafat ölkənin intellektual və vətəndaş inkişafına real töhfə verən şəxsləri və qurumları önə çıxardır.

 

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti