Romada “Enerjinin çəkisi” başlıqlı xüsusi tədbir keçirilib
04 mart 2025-ci il tarixində İtaliyanın aparıcı kütləvi informasiya vasitələrindən biri 1974-cü ildə əsası qoyulan “Il Giornale”nin təşəbbüsü ilə “Enerjinin çəkisi” (Il peso dell'Energia) başlıqlı xüsusi tədbir keçirilmişdir. Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov tədbirə çıxışçı kimi dəvət edilmişdir.
Tədbirdə qalıq yanacaqlardan bərpa olunan mənbələrə keçidə xüsusi diqqət yetirilməklə, enerjinin qlobal iqtisadiyyatda və kapitalizmdə əsas rolunun dərin təhlili aparılmış, müzakirələrin mərkəzində isə texnoloji innovasiyalar və təcili iqlim faəliyyəti arasında elektrik enerjisini getdikcə daha çox istehlak edən dünyada yeni davamlı balansın tapılması dayanmışdır.
Tədbiri “Il Giornale”nin direktoru Alessandro Sallusti açmış və qeyd etmişdir ki, əsl gücün və silahın enerji istehsal edəcəyi bir dünyaya doğru irəliləyirik, paradoksaldır ki, İtaliya təbii əsas enerji mənbələrinə malik deyil, lakin "çirkli" enerjini təmiz enerjiyə necə çevirmək barədə dünyanın iki aparıcı şirkətinə sahibdir
İlk çıxışçı Roma şəhərinin meri, sabiq iqtisadiyyat naziri Roberto Gualtieri olmuşdur. R. Gualtieri şəhərlərin və ölkənin gələcəyi üçün enerji keçidinin əhəmiyyətini vurğulayaraq, enerjinin bu gün strateji muxtariyyətin istənilən əsaslandırmasının açarı olduğunu, bəzi enerji mənbələrinin planetə qeyri-davamlı təsir göstərdiyini və ekoloji səviyyədə qeyri-dayanıqlı vəziyyətə gətirib çıxardığını bildirmişdir. Mer həmçinin söyləmişdir ki, Romada binalar tullantıların 55%-ni, avtomobillər 35%-ni istehsal edir. Buna görə də Romanın 1500 məktəbinin enerji səmərəliliyinə və şəhərin damlarında günəş enerjisi istehsalının artırılmasına sərmayə qoyaraq iqlim və uyğunlaşma planı işə salınmışdır. Enerji icmaları, günəş və geotermal enerjinin birləşməsi və tullantıların enerji resursu kimi qiymətləndirilməsi kimi innovativ həlləri özündə birləşdirən kompleks yanaşmanın vacibliyi vurğulanmışdır. İctimai nəqliyyatın elektrikləşdirilməsindən tutmuş ilk hidrogen avtobuslarına qədər, üzvi tullantıların bioqaza çevrilməsi ilə tullantı dövrünün bağlanmasına qədər yeni modellərlə eksperimentlər aparılır. “Roma daha dayanıqlı və davamlı gələcək qurmaq üçün üzərinə düşəni etmək istəyir”, – deyə Gualtieri çıxışını yekunlaşdırmışdır.
Daha sonra tədbirə onlayn formatda İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratin qoşulmuşdur. O, bu gün çox enerji istehlak edildiyini və analitiklərin fikrincə tələbatın təxminən iki dəfə artacağını, buna görə də enerji kompleksini stimullaşdırmağın vacibliyini vurğulamışdır. Nazir İtaliyanın rifahını qorumaq naminə, nüvə kimi mənbələrdən istifadəni, bu məqsədlə nəzarət və təlim standartlarını özündə birləşdirən hüquqi bazanın qurulmalı olduğunu qeyd etmişdir. Fratin vurğulamışdır ki, texnologiya çox böyük sürətlə irəliləyir və 2035-ci ilə qədər nüvə enerjisindən enerji istehsal edə bilmək lazımdır. Nüvənin o qədər də baha olmadığını, amma bunu həqiqətən deyə bilmək üçün bir neçə ilin lazım olacağını vurğulayan nazir 2025-ci ildə geosiyasi vəziyyətlə əlaqədar qazın qiymətində azalma olmayacağını, lakin sülhün mümkün qədər tez bərqərar olacağına ümid bəslədiyini söyləmişdir.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov ilə jurnalist, 2018-2022-ci illərdə “İrəli, İtaliya” partiyasından İtaliyanın Deputatlar Palatasının üzvü Andrea Ruggieri həmsöhbət olmuşdur. Səfir İtaliya ilə Azərbaycanın möhkəm əlaqələri olduğunu, bu gün Azərbaycanın Avropanın milli təhlükəsizliyi üçün vacib olan enerji ilə təmin etdiyini, beləliklə İtaliyanın və digər Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verdiyini, ölkəmizin bu sahədəki əməkdaşlığa qlobal baxışının olduğunu və enerji layihələrinin Avropaya yönəldiyini söyləmişdir.
Azərbaycanın çox dinamik və sürətli bir ölkə olduğunu qeyd edən səfir, Mərkəzi Asiya ölkələri ilə Avropaya çatacaq layihələrlə əməkdaşlıq etdirildiyini, gündəliyin prioritetinin inkişaf və iqtisadiyyatın və enerji təchizatının şaxələndirilməsi olduğunu, iqtisadiyyat böyüdükdə, ixracla yanaşı, ölkələrin də daha çox enerjiyə ehtiyac duyduğunu və beləliklə ölkəmizin tədarükü artırdığını qeyd etmişdir.
“Bu gün bərpa olunan enerjiyə doğru böyük tendensiya var, Azərbaycan lider ölkədir, çünki bizim artıq başa çatmış TAP layihəmiz var. Üzərində işlədiyimiz və bir çox İtaliya şirkətlərinin cəlb olunduğu layihələr mövcuddur. Biz Qafqazda ən böyük fotoelektrik stansiyanı tikmişik və digər stansiyalarla bağlı müqavilə imzalamışıq. Biz Xəzər dənizindən Macarıstana, oradan da digər Avropa ölkələrinə elektrik enerjisi gətirəcək elektrik xəttin çəkilməsinə dair müqavilə imzalamışıq. Bu layihədə İtaliya şirkətləri də iştirak edəcəkdir”, – deyə səfir jurnalistin bərpaolunan enerji haqqında sualını cavablandırmışdır.
Çıxışın keçidləri aşağıdakılardır: https://www.ilgiornale.it/news/economia/azerbaigian-gran-fornitore-leuropa-2446825.html?utm_source=twitter&utm_medium=social&utm_campaign=share_ilg; https://www.ilgiornale.it/news/economia-e-finanza/scommessa-sul-futuro-2446028.html
Tədbirdə həmçinin A2A Qrupunun Strategiya və İnkişaf Direktoru Lorenzo Giussani, Terna Qrupunun Mühəndislik və Layihələrin İcrası üzrə Direktoru Maria Rosaria Guarniere, Eniverse (Eni Group) Biznes Strategiyasının İnkişafı üzrə Direktoru Laura D'Angelo, “Renexia Spa”nın Baş direktoru Rikkardo Toto, “Areti”nin prezidenti və Acea Qrupunun baş icraçı direktoru Vittorio Zane və digərləri iştirak etmiş, öz şirkətlərinin təcrübələrini bölüşmüşdülər.