news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 dekabr 2024

Romada FAO Şurasının 176-cı Sessiyası keçirilib

02-05 dekabr 2024-cü il tarixlərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş qərargahında FAO Şurasının 176-cı Sessiyası keçirilmişdir. Azərbaycan tədbirdə AR-in İtaliyadakı Səfirliyi ilə təmsil olunmuşdur.

Müstəqil sədr Dr. Hans Hoogeveen sessiyada açılış nitqi söyləyərək, ölkələr, şirkətlər, maliyyə institutları, fermerlər və ayrı-ayrı vətəndaşlar vasitəsilə yerlərdə nəzərəçarpacaq nəticələr əldə etmək üçün səylərin və prioritet tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulamış, iqlim dəyişikliyinin gündəlik həyata təsiri və COP28-in məyusedici nəticələrini qeyd etmişdir. O, bildirmişdir ki, dünya ərzaq təhlükəsizliyinə nail olmadan iqlim dəyişikliyi ilə mübarizə aparıla bilməz, iqlim dəyişikliyi ilə mübarizə aparmadan da ərzaq təhlükəsizliyinə nail olmaq mümkün deyil. Daha sonra, H. Hoogeveen Şuranın müzakirə etməli olduğu məsələlər haqqında qısa xülasə təqdim etmişdir.

Daha sonra söz Baş direktor Qu Donqyuya verilmiş, o  gələn il FAO-nun 80 illik yubileyinin qeyd ediləcəyini xatırladaraq, ortaq baxışın heç kimi geridə qoymadan, ortaq rifah üçün daha yaxşı istehsal, daha yaxşı qidalanma, daha yaxşı ətraf mühit və daha yaxşı həyat olan “Dörd Yaxşı” (Four Betters) yanaşmasının gücləndirilməsi olduğunu bildirmişdir.

Baş direktor dünyanın 2024-cü ilin sentyabrında Nyu-Yorkda “Gələcəyin Zirvə Toplantısı”nda yığışdığını və birlikdə daha yaxşı dünya və daha yaxşı gələcək naminə kollektiv səylərin gücləndirilməsi üçün Gələcək üçün Paktı qəbul etdiyini söyləmiş, keçən ilki Manifestində baxışdan hərəkətə keçmək üçün yol xəritəsini təqdim etdiyini, müasir reallıqlara uyğun yenilənmiş baxış, struktur və təşəbbüslərlə yeni FAO-nun qurulması, Təşkilatın öz Üzvlərinə daha yaxşı xidmət göstərmək imkanlarının gücləndirilməsi üçün birlikdə işləməyin mühümlüyünü xatırladaraq, həmin fikirlərin 168 nazir tərəfindən dəstəkləndiyini qeyd etmişdir.

2024-cü ilin 11 ayı ərzində 121 uçuş həyata keçirdiyini və FAO-nun Əsas Mətnlərinin yenidən nəzərdən keçirilməsi təşəbbüsünü irəli sürdüyünü diqqətə çatdırmışdır.

Daha sonra, sessiyanın gündəliyi təsdiqlənmiş və maddələr üzrə müzakirələrə başlanılmış, müvafiq nəticə layihələri qəbul edilmişdir.

Gündəlikdə duran bir sıra məsələlər ilə əlaqədar Şuraya müşahidəçi olan ölkəmiz adından da FAO-nun mandatına uyğun olaraq gördüyü işlər haqqında müşahidələr paylaşılmış, COP29 çərçivəsində qəbul edilmiş Bakı Harmoniya Fermerlər üçün İqlim Təşəbbüsü haqqında danışılmışdır.

       

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti