Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun Rəhbər Şurasının 48-ci sessiyası Romada keçirilib
12-13 fevral 2025-ci il tarixlərində Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun Baş qərargahında Fondun Rəhbər Şurasının 48-ci sessiyası keçirilmişdir. Azərbaycan sessiyada AR-in İtaliyadakı Səfirliyi ilə təmsil olunmuşdur.
“İlk addımda sərmayələrin aktivləşdirilməsi” mövzusu altında keçirilən sessiyanın açılış günündə Lesoto Kralı Letsie III, Syerra Leone Respublikasının Prezidenti Julius Maada Wonie Bio, Küveyt Dövlətinin maliyyə naziri və iqtisadi işlər və investisiyalar üzrə dövlət naziri Noora Sulaiman Salem Al Fassam, Tanzaniya Birləşmiş Respublikasının kənd təsərrüfatı naziri Hüseyn Başe, İslam İnkişaf Bankının prezidenti Muhammad Al Jasser və Braziliya Federativ Respublikasının birinci xanımı Janja Lula da Silva iştirak etmişdilər.
Açılış nitqini söyləyən Fondun prezidenti Alvaro Lario 180 üzvdən ibarət olan IFAD-ın universal bir ev olduğunu qeyd edərək, inkişaf edən kənd icmalarının qurulmasının vacibliyini, çox problemlərin bərabərsizlikdən başladığını, sosial qeyri-sabitliyin münaqişələrə və məcburi miqrasiyaya səbəb olduğunu, kənd iqtisadiyyatlarına sərmayə qoymaqla kənd icmalarının sabitləşdirilməsinin ümumi məqsədə çatmaq yolunda mühüm addım olduğunu vurğulamışdır.
Digər çıxışçılar da qlobal aclığın münaqişə, iqlim dəyişikliyi və iqtisadi qeyri-sabitlik kimi faktorlarla daha da gücləndiyini, 2 milyarddan çox insanın təhlükəsiz və kifayət qədər qidaya müntəzəm çıxışının olmadığını və proqnozların 2030-cu ilə qədər 600 milyondan çox insanın aclıqla üzləşəcəyini göstərdiyini, iqlimə davamlı kənd təsərrüfatına investisiya qoymağın zərurət təşkil etdiyini, Afrikada vəziyyətin daha kritik olduğunu qeyd etmiş və birgə təcili fəaliyyətə çağırmışlar.
Onlar eyni zamanda ölkələrində kənd təsərrüfatı sahəsində aparılan işlər, hazırlanan fəaliyyət planları haqqında ümumi məlumat verərək, G20 sədrliyinin irəli sürdüyü və bu günədək 150 üzvünün olduğu “Aclıq və Yoxsulluğa Qarşı Qlobal Alyans”ı təqdir etmiş və dəstəklərini ifadə etmişlər.
13 fevral tarixində “Getdikcə mürəkkəbləşən kontekstdə təsirin layihələndirilməsi və çatdırılması” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. İştirakçılar iqlim dəyişikliyi, təbii fəlakətlər, münaqişələr və məcburi köçkünlükdən tutmuş maliyyə dəyişkənliyinə, borc çətinliyi və təkrarlanan fövqəladə hallara qədər dünyanın bu gün üzləşdiyi mürəkkəb, bir-biri ilə əlaqəli problemlərin həllində IFAD-ın işinin kritik aktuallığı və həssaslığı ilə bağlı öz fikirlərini və perspektivlərini bölüşmüşlər.
Həmin gün Romada yerləşən agentliklər – FAO, IFAD və ÜƏP – ərzaq təhlükəsizliyi, davamlılıq və kənd yerlərinin inkişafı sahəsində irəliləyişə səbəb olan ölkə səviyyəsində transformativ əməkdaşlıqları təqdir edən 2024-cü il “RBA Mükəmməllik Mükafatı”nı təqdim etmişdilər.
Sessiya çərçivəsində həmçinin Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıq (South-South and Triangular Cooperation – SSTC) üzrə dialoq aparılmış və Cənub-Cənub tərəfdaşlıqlarının genişləndirilməsi və DİM-lərə doğru irəliləyişi sürətləndirmək üçün SSTC-nin potensialından tam istifadə edilməsi məqsədilə daha çox çoxtərəfli öhdəliklərə ehtiyac olduğu vurğulanmışdır. Tədbirdə açılış nitqini IFAD prezidenti söyləyərək, kənd təsərrüfatı və kənd transformasiyasında daha böyük təsir üçün inkişaf əməkdaşlığını tamamlamaq və artırmaq məqsədilə SSTC-nin strateji üsul kimi rolunu vurğulamışdır. Müzakirələr zamanı SSTC-nin genişləndirilməsi imkanları araşdırılmış, keçmiş təcrübələrdən öyrənilmiş dərslər müzakirə edilmiş və daha böyük təsir üçün tərəfdaşlıqları gücləndirmək üçün strategiyalar müəyyən edilmişdir.