2017-04-20

Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Italiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin iqtisadi inkişaf naziri Karlo Kalenda ilə görüşüb.

Görüşdə nazirlər Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin səviyyəsi və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlıqdan məmnunluq ifadə etdilər. Ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyəsini təqdir edərək, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyini qeyd etdilər.

Nazir Elmar Məmmədyarov Azərbaycan-İtaliya əlaqələrinin strateji xarakter daşıdığını bildirdi və bunun 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin İtaliyaya rəsmi səfəri çərçivəsində qəbul edilmiş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”də əks olunduğunu diqqətə çatdırdı.

Nazir Elmar Məmmədyarov İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu vurğuladı və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, neft-kimya, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd etdi.

Karlo Kalenda Azərbaycanı ölkəsi üçün önəmli iqtisadi tərəfdaş adlandırdı. O, bu ilin fevral ayında Azərbaycana səfərini xatırlatdı və Azərbaycan-İtaliya biznes forumunun işini təqdir etdi.

İtaliya şirkətlərinin Azərbaycanda, xüsusən enerji sektorunda uğurlu fəaliyyəti qeyd edilərək, bu uğurlu əməkdaşlığın qeyri-neft sektorlarında da davam etdirilməsi üçün zəruri addımların atılmasının vacibliyi bildirildi.

Görüşdə Cənubi Qaz Dəhlizinin İtaliyaya əlavə qaz təchizatı nöqteyi-nəzərdən əhəmiyyəti qeyd edildi, çoxsaylı italyan şirkətlərinin bu layihənin realizasiyası çərçivəsində çoxmilyardardlıq müqavilələr əldə etməsi vurğulandı.

Tərəflər, habelə transmilli nəqliyyat dəhlizləri və onların inkişafına töhfə verəcək layihələrin reallaşdırılması istiqamətində birgə səylər ətrafında da geniş fikir mübadiləsi apardılar.

http://mfa.gov.az/news/909/4849 

Arxiv üzrə axtarış