2016-12-28

Dünya azərbaycanlılarına

Hörmətli soydaşlar!

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün soydaşlarımızın mənəvi birliyinin rəmzi kimi hər il geniş qeyd olunur. Bu sevimli bayram ərəfəsində sizi ürəkdən salamlayır, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Ümummilli lider Heydər Əliyevin nəsihətlərinə əməl edən Azərbaycan dövləti başqa ölkələrdə məskunlaşmış həmvətənlərimizin taleyinə diqqətlə yanaşır, onların hüquqlarının qorunmasına, milli-mənəvi birlik ideyaları ətrafında təşkilatlanması məsələsinə xüsusi əhəmiyyət verir. Təqdirəlayiq haldır ki, xarici ölkələrdə yaşayan soydaşlarımız da Azərbaycan Respublikası ilə əlaqələrini gücləndirir, doğma Vətənə məhəbbət və sədaqət nümayiş etdirirlər. 2016-cı ilin iyununda Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayı xaricdə yaşayan həmvətənlərimiz arasında birliyin daha da möhkəmləndirilməsi, diaspor təşkilatlarının fəaliyyətinin genişləndirilməsi yolunda mühüm hadisə oldu. Şübhə yoxdur ki, soydaşlarımız qurultayın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində əzmlə çalışacaq, öz qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

Qürur hissi ilə qeyd edirəm ki, bu ilin oktyabrında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beş ili tamam olmuşdur. Ötən dövr ərzində yaradılmış iqtisadi potensial, nail olduğumuz sosial tərəqqi və ictimai-siyasi sabitlik dünyada hələ də davam edən qlobal maliyyə-iqtisadi böhranın təsirlərini azaltmağa, ölkəmizi risklərdən qorumağa imkan verir.

Cəmiyyətimizin inkişaf səviyyəsini bu il sentyabrın 26-da keçirilmiş Konstitusiyaya dəyişikliklərlə bağlı referendum bir daha bariz şəkildə göstərdi. Azərbaycan vətəndaşları yüksək siyasi yetkinlik nümayiş etdirərək, dövlətimizin möhkəmlənməsinə, insan hüquq və azadlıqlarının qorunmasına yeni imkanlar açan həmin dəyişikliklərə səs verdilər.

İnanıram ki, bütün soydaşlarımızın əlbir fəaliyyəti, doğma Azərbaycan torpağına sarsılmaz sədaqəti gücümüzü daha da artıracaq, inkişafımıza əngəl törədən yeganə ağrılı problemi – Ermənistanın hərbi təcavüzünü tezliklə aradan qaldırmağa, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə imkan yaradacaq. Bu ilin aprel ayında Ermənistanın hərbi təxribatı nəticəsində cəbhədə baş vermiş hadisələr zamanı Azərbaycan Silahlı Qüvvələri düşmənin məkrli niyyətlərinin qarşısını qətiyyətlə aldı və torpaqlarımızı istənilən an işğaldan azad etməyə hazır olduğunu sübut etdi.

Azərbaycanın haqlı mövqeyi getdikcə beynəlxalq ictimaiyyətin daha çox dəstəyini qazanır. Ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqinə və qlobal humanitar problemlərin həllinə verdiyi töhfələr, multikultural dəyərlərə hörməti və tolerantlıq ənənələri xalqımıza dünyada dərin rəğbət oyatmışdır.

Hazırda Azərbaycan Respublikası öz inkişafının çox məsuliyyətli bir dövrünə qədəm qoymuşdur. Biz Vətənimizin çiçəklənməsi, qüdrətinin artırılması və suverenliyinin möhkəmləndirilməsi məqsədilə qarşımıza böyük vəzifələr qoymuşuq. Həmin vəzifələrin həlli üçün bütün həmvətənlərimiz, o cümlədən xaricdə yaşayan soydaşlarımız sıx birləşməli, harada yaşamalarından asılı olmayaraq, milli maraqlarımızı qətiyyətlə qorumalı, anti-Azərbaycan dairələrin təxribatçı əməllərinə qarşı prinsipial mübarizə aparmalıdırlar.

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə səadət, firavanlıq və bütün işlərinizdə uğurlar diləyirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 dekabr 2016-cı il

Arxiv üzrə axtarış