2016-09-14

Səfir Məmməd Əhmədzadə etimadnaməsini San Marinonun kapitan-regentlərinə təqdim etmişdir

Cari il 9 sentyabr tarixində Azərbaycanın, o cümlədən San Marino Respublikasında akkreditə olunmuş səfiri Məmməd Əhmədzadə etimadnaməsini bu ölkənin kapitan-regentləri Can Nikola Berti və Massimo Andrea Uqoliniyə təqdim etmişdir.

Təqdimetmə mərasimini çıxış nitqi ilə açan San Marino xarici işlər naziri Paskal Valentini iki ölkə arasındakı əlaqələrdə son dövrdə müşahidə olunan intensivliyi qeyd etmiş, 2015-ci ildə San Marino kapitan-regentlərinin Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə ölkəmizə səfərinin, habelə özünün də səfərinin münasibətlərin inkişafına təkan verdiyini bildirmişdir. 

Səfir M.Əhmədzadə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin salamlarını kapitan-regentlərə çatdırmış, ölkələr arasında mövcud dostluq münasibətlərinin bundan sonra daha da inkişafı üçün çalışacağını bildirmişdir.

Kapitan-regentlər C.N.Berti və M.A.Uqolini, öz növbələrində, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə salamlarını çatdırmağı xahiş etmiş və növbəti müddətdə ölkələr arasında münasibətlərin daha da inkişaf edəcəyinə ümid etdiklərinə qeyd etmişlər.

Səfir M.Əhmədzadə San Marinoya səfəri çərçivəsində, bu ölkənin xarici işlər naziri Paskal Valentini, sənaye və ticarət naziri Marko Arzilli, parlamentin bir qrup üzvləri və Ticarət Palatasının nümayəndələri ilə görüşlər keçirmişdir. Görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, regional mövzular, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.

Arxiv üzrə axtarış