2016-06-15

Paulo Centiloni: Azərbaycan geosiyasi baxımdan strateji mövqeyə və böyük iqtisadi potensiala malik ölkədir

http://azertag.az/xeber/960940

 

Roma şəhərində keçirilmiş Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasında çıxış edən İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paulo Centiloni Azərbaycanı İtaliya üçün Cənubi Qafqazda istinad ölkəsi kimi xarakterizə edib. O, Azərbaycanın geosiyasi baxımdan strateji mövqeyə və böyük iqtisadi potensiala malik, Asiya ilə Avropanı birləşdirən açar ölkə, İtaliyanın isə təbii tərəfdaşı olduğunu vurğulayıb.

Nazir İtaliya ilə Azərbaycan arasında münasibətlərin son illərdə inkişaf etdiyini bildirib, qarşılıqlı çoxsaylı səfərləri, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü və 2015-ci illərdə İtaliyaya səfərlərini qeyd edib. O, İtaliya tərəfinin Azərbaycana rəsmi səfərləri artırmaq istəyini bəyan edərək növbəti aylarda özünün Azərbaycana səfər edəcəyini söyləyib.

İtaliya-Azərbaycan tərəfdaşlığının gücləndirilməsində Trans-Adriatik qaz boru kəməri layihəsinin əhəmiyyətinə toxunun nazir bu layihənin İtaliya milli iqtisadiyyatı üçün strateji dəyərə malik olduğunu və bu kəmərlə 2020-ci ildə Azərbaycan qazının İtaliyaya çatdırılacağını deyib.

Ötən il qarşılıqlı ticarət dövriyyəsinin 5 milyard avro olduğunu bildirən nazir İtaliyanın Azərbaycana öz ixracatını artırmaq, bununla da ticarət dövriyyəsindəki qeyri-tarazlığı aradan götürmək istəyini qeyd edib. İki ölkə arasında iqtisadi əməkdaşlığın yalnız enerji sektoru ilə məhdudlaşmamalı olduğunu, müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu deyən nazir P.Centiloni növbəti illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və ölkənin iqtisadi inkişafında yeni dinamikanın təmin olunması üçün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı son sərəncamlar və müəyyən etdiyi yol xəritəsini xüsusi qeyd edib.

İki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafının da əhəmiyyətinə toxunan nazir bu sahəyə Azərbaycan tərəfindən, xüsusilə də Heydər Əliyev Fondu tərəfindən göstərilən diqqəti vurğulayıb.

Qafqazda sülh və sabitliyin bərqərar olması, Azərbaycanla Avropa İttifaqı arasında konstruktiv və səmərəli əməkdaşlıq üçün İtaliyanın çalışmalı olduğunu qeyd edən nazir P.Centiloni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün ölkəsinin Almaniyanın ATƏT-in sədri kimi səylərini dəstəklədiyini və İtaliyanın 2018-ci ildə ATƏT-ə sədr seçiləcəyi təqdirdə münaqişənin həlli üçün öz səylərini əsirgəməyəcəyini əminliklə bildirib.

Nazir Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycan ilə Avropa İttifaqı arasında yeni və dinamik münasibətlərin qurulmasının əhəmiyyətli olduğunu vurğulayıb.

Arxiv üzrə axtarış