2016-06-02

Azərbaycanın İtaliyadakı səfirinin ölkəmizin iqtisadi potensialı və Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığına dair müsahibələri dərc olunmuşdur

 

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın Ticarət Agentliyinin (ICE) aylıq elektron xəbər bülletenində və “Notiziegeopolitiche” geosiyasət və xarici siyasət üzrə elektron portalında Azərbaycanın iqtisadi potensialı, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığı və iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri barədə müsahibələri dərc edilmişdir.

Müsahibələrdə M.Əhmədzadə Azərbaycanın yerləşdiyi geostrateji coğrafi mövqeyi, iqtisadiyyatın sürətli inkişafı, regional liderliyi, ölkə iqtisadiyyatına yatırılan sərmayələr, Azərbaycanda həyata keçirilmiş və həyata keçirilməkdə olan strateji əhəmiyyətli enerji, nəqliyyat və infrastruktur layihələri barədə məlumat vermişdir.

İtaliya-Azərbaycan əlaqələrinə toxunan M.Əhmədzadə bu əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını, bunun 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı İtaliyanın Baş naziri cənab Matteo Renzi ilə birgə qəbul etdiyi strateji tərəfdaşlıq haqqında bəyannamədə təsbit edildiyi, İtaliyanın uzun müddət Azərbaycanın birinci ticarət tərəfdaşı olması, ölkəmizin İtaliya üçün əsas neft təchizatçılarından biri olması, bir çox italyan şirkətlərinin Azərbaycanda investor və podratçı kimi cəlb olunması, son bir il ərzində İtaliyanın “Maire Technimont”, “Technip” və “Saipem” şirkətləri ilə önəmli müqavilələrin imzalanmasını qeyd etmişdir. TAP layihəsinin reallaşması ilə Azərbaycan təbii qazının İtaliyaya çatdıralacağını qeyd edən səfir, bu layihənin qaz mənbələrinin diversifikasiyası, İtaliyanın Avropada önəmli qaz mərkəzinə çevrilməsi, habelə bu boru kəmərinin tikintisinə İtaliya şirkətlərinin podratçı kimi cəlb edilməsi nöqteyi-nəzərdən əhəmiyyətini qeyd etmişdir.

M.Əhmədzadə Azərbaycanda aparılan iqtisadi islahatlar, ölkə iqtisadiyyatının şaxələndirilməsi, iqtisadiyyatda neft sektorunun payının minimuma endirilməsi və qeyri-neft ixracatının artırılması istiqamətində atılan addımlar barədə danışmışdır. Bu xüsusda, Azərbaycanda Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı kimi yeni infrastruktur-logistika mərkəzlərinin yaradıldığı, kənd təsərrüfatı, turizm, nəqliyyat, İKT, inşaat kimi sahələrdəki imkanlar barədə məlumat vermiş və italyan şirkətlərini qeyd olunan sahələrə sərmayə qoymağa dəvət etmişdir. Azərbaycanın coğrafi əhəmiyyəti, Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizlərindəki önəmli rolu barədə də danışaraq İtaliya şirkətlərinə Azərbaycana daha geniş bazarlara çıxış üçün körpü kimi baxmağı da tövsiyyə etmişdir.

13 iyun tarixində Roma şəhərində İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın növbəti iclasının və Azərbaycan-İtaliya Biznes Forumunun keçiriləcəyi barədə məlumat verən səfir, bu tədbirlərin Azərbaycana italyan sərmayələrinin cəlb edilməsi, ölkəmizin qeyri-neft ixracının artırılması və iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətindən danışmışdır.

 

Müsahibələrlə aşağıdakı linklərdən tanış ola bilərsiniz:

 

http://www.newsletter-ice.com/default.asp?id=511&id_n=936

 

http://www.notiziegeopolitiche.net/?p=63453

Arxiv üzrə axtarış