2016-04-05

Təmas xəttindəki mövcud gərgin vəziyyətlə bağlı İtaliya KİV-ində dərc edilmiş məqalələr

Cari il 1 aprel tarixində başlayaraq, qoşunların təmas xətti boyunca vəziyyətin gərginləşməsi İtaliya mətbuatının diqqətindən kənarda qalmamışdır. Belə ki, ölkənin “La Repubblica”,  “Il Messaggero”, “La Stampa”, “Notozie Geopolitiche”, “Il Manifesto”, “Rai News”, “ANSA”, “Agenzia Nova”, “Internazionale”, “Sicilia Journal” və digər nüfuzlu KİV-lər cəbhə xəttində yaranan gərginlik barədə son məlumatları yaymışdır.

 

Belə ki:

 

  1. “La Repubblica” qəzetində “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağda döyüşlər: Putinin müraciəti” adlı məqalə;
  2. “Il Messaggero” qəzetində “Dağlıq Qarabağ, Ermənistan və Azərbaycan arasında müharibə küləkləri. Onlarla ölü” adlı məlumat;
  3. “ANSA” dövlət xəbər agentliyində “Azərbaycan atəşkəs elan etdi” adlı məlumat;
  4. “Sicilia Journal” adlı qəzetdə Karmelinda Komandatorenin müəllifi olduğu “Azərbaycanın ERmənistan tərəfindən işğal olunmuş ərazilərində münaqişə yenidən başlayır. Azərbaycan Müdafiə Nazirliyi əmr edir “əks-hücum əməliyyatlarını dayandırırıq”;
  5. “Il Manifesto” qəzetində Simone Zoppellaronun müəllifi olduğu “Dağlıq Qarabağda yenidə ağır silahlar danışmağa başladı” adlı məqalə;
  6. “La Stampa” qəzetində Anna Zafesovanın müəllifi olduğu “Ermənistan və Azərbaycan arasında müharibə küləkləri. Dağlıq Qarabağda onlarla ölü” adlı məqalə;
  7. “Notizie Geopolitiche” analitik-informasiya portalında Guliano Bifolkinin müəllifi olduğu “Dağlıq Qarabağda gərginlik başlayır. Biz həqiqətəndə təəccübləndik?” adlı məqalə;
  8. “Il Giornale” analitik-informasiya portalında Kristina Di Giorginin müəllifi olduğu “Unudulmuş Dağlıq Qarabağ müharibəsi. Ermənistan və Azərbaycan arasında ittiham (güllə) mübadiləsi. Moskva: “Vəziyyəti diqqətlə izləyirik”” adlı məqalə;
  9. “Internazionale” analitik-informasiya portalında “Dağlıq Qarabağ münaqişəsi Rusiya və Türkiyə arasında gərginliyi artıracaq” adlı məqalə;
  10. “Il Fatto Quotidiano” analitik-informasiya portalında “Dağlıq Qarabağ, Ermənistanla azərbaycan arasındakı 22 illik atəşkəs sona çatdı, 300 ölü” adlı məqalə;
  11. “Panorama” analitik-informasiya portalında “Dağlıq Qarabağ, münaqişə yenidən başlayır: onlarla ölü” adlı məqalə.

 

Məqalələrdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olması, bu faktın bütün beynəlxalq təşkilat və dövlətlər tərəfində tanınması, bunun əksinə qondarma “Dağlıq Qarabağ Respublikasının” heç bir beynəlxalq əlaqələr subyekti, hətta Ermənistan tərəfindən belə tanınmadığı vurğulanır.

Münaqişənin həlli ilə bağlı məsələyə toxunarkən, BMT TŞ-nin münaqişə ilə bağlı müvafiq 4 qətnaməsinin mövcud olduğu və sənədlərdə Ermənistandan Azərbaycan ərazisindəki bütün silahlı qüvvələrini geri çəkməsinə dair tələb irəli sürüldüyü qeyd olunur.

Azərbaycanın bitərəfli qaydada atəşkəs elan etməsi ölkəmizin sülhpərvər addımı kimi İtaliya KİV tərəfindən yüksək qiymətləndirilmişdir.

Maraqlıdır ki, hətta qatı ermənipərəst mövqeyi ilə seçilən və işğal edilmiş ərazilərə qanunsuz səfər etdiyi üçün adı “arzuolunmaz şəxslər siyahısında” olan jurnalist Simone Zopparello belə öz məqaləsində Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edildiyi və regionun rəsmi olaraq  Azərbaycan ərazisi olması faktını etiraf etmişdir.

Bununla belə, erməni tərəfi İtaliya ictimaiyyətinin rəğbətini qazanmaq məqsədilə, münaqişəyə dini don geyindirərək, xristian həmrəyliyi məsələsini ön plana çıxarır və münaqişə bölgəsində “katolik xristianların” öldürülməsi ilə bağlı mətbuata cəfəng məlumatlar ötürərək uğursuz cəhdlər edir. Düşmənin əl atdığı digər bir üsul münaqişə bölgəsində Azərbaycan tərəfindən mülki əhalinin öldürülməsi ilə bağlı mətbuata yalan məlumat ötürməkdir.

Ümumilikdə, qeyd oluna bilər ki, təmas xətti ilə bağlı İtaliya KİV-ində yer alan məlumat və məqalələr Azərbaycanın ədalətli mövqeyi ilə ziddiyyət təşkil etmir və əksər hallarda üst-üstə düşür.

Arxiv üzrə axtarış