AR Ümumvətəndaş Pasportunun Rəsmiləşdirilməsi

Ümumi məlumat

“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.
 
Hər bir vətəndaş pasportu möhkəm saxlamağa borcludur. Xaricdə daimi yaşayan, etibarlıq müddəti bitmiş, yararsız hala düşmüş və ya səhifələri dolmuş pasport sahibləri, eləcə də xarici ölkə ərazisində pasportunu itirmiş və ya oğurlanmış Azərbaycan Respublikası vətəndaşları yeni pasport almaq üçün Səfirliyin konsulluq şöbəsinə müraciət edə bilərlər. Müraciət edən şəxs müvafiq qaydaya uyğun ardıcıllıqla tərtib edilmiş sənədləri Səfirliyin konsulluq şöbəsinə təqdim etməlidir. Vətəndaşın xarici ölkədə daimi yaşaması və pasportunun etibarlıq müddətinin bitməsi onun vətəndaşlığının xitamına səbəb olmur.
 
Səfirliyə daxil olmuş müraciətlərə konsulluqda baxıldıqdan sonra, müvafiq sənədlər diplomatik poçt vasitəsilə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə göndərilir. Tələb olunan sənədlər siyahısında qeyd olunan dövlət rüsumu Azərbaycanda ödənildikdən sonra, Konsulluq İdarəsi sənədləri Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə göndərir. Pasport-Qeydiyyat İdarəsində rəsmiləşdirilmiş yeni pasport Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliyə çatdırılır. Səfirliyin konsulluq şöbəsi yeni pasportda konsulluq qeydiyyatı apardıqdan sonra onu sahibinə təqdim edir. Səfirlik vasitəsilə yeni pasportların rəsmiləşdirilməsi adətən 2-4 ay müddət tələb edir. 
 

Azərbaycan Respublikası ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər

1. Etibarlılıq müddəti bitmiş, yararsız hala düşmüş və ya səhifələri dolmuş pasportun Səfirlik vasitəsilə əvəz edilməsi üçün tələb olunan sənədlərin siyahısı:
 
Anket Azərbaycan dilində latın qrafikası ilə dəqiq və aydın yazılmalıdır.
Vətəndaş tərəfindən yalnız 1.1., 1.2., 1.3., 1.4., 1.5., 1.6., 1.7., 1.8., 1.9. və 17-ci qrafalar doldurulmalıdır.
 
• ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi məqsədilə vətəndaşın şəxsən yazdığı ərizə (ərizənin nümunəsi buradan yüklənilə bilər);
 
 • 2 ədəd fotoşəkil (donuq);
 
 vətəndaşın şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportunun əsli (pasportda konsulluq qeydiyyatı haqqında qeyd olunmalıdır) və surəti; 
 
• hərbi biletin surəti; 
 
• vətəndaşın ölkədə daimi yaşadığını, təhsil aldığını və işlədiyini təsdiq edən sənədin əsli və surəti;
 
• 18 yaşına çatmamış vətəndaşlar üçün əlavə olaraq valideynlərin razılıq ərizəsi tələb olunur.  
Qeyd : 18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə  doğum haqqında şəhadətnamə və qan qrupu haqqında tibbi arayış tələb olunur.
Qeyd:  Valideynlərdən biririnin iştirakı mümkün olmadıqda  “Mobil notariat” tətbiqi vasitəsilə də yetkinlik yaşına çatmamış şəxslərə ümumvətəndaş pasportunun verilməsinə dair razılıq ərizəsi rəsmiləşdirilə bilər.
 
• Səfirliyin aşağıda göstərilmiş bank hesabına 25 ABŞ dolları dövlət rüsumunun ödənilməsi və müvafiq təsdiqedici qəbzin Səfirliyə təqdim edilməsi:

Unicredit Banca di Roma

Numero conto: 0000400992178
IBAN: IT 67 C 02008 05001 000400992178

• 60 manat məbləğində dövlət rüsumunun Bakıda Daxili İşlər Nazirlyinin Pasport, Miqrasiya və Qeydiyyat Baş İdarəsinin kassasına ödənilməsi; həmin məbləğ ödənildikdən sonra, müvafiq qəbz Xarici İşlər Nazirliyinin  Konsulluq İdarəsinə (surəti Səfirliyə göndərilməlidir) təqdim olunmalıdır. 

Qeyd: Yuxarıda qeyd olunan dövlət rüsumu  “Hökümət Ödəniş portalı”nın  internet informasiya ehtiyatları (www.gpp.az) vasitəsilə də ödənilə bilər. 

 Aşağıda göstərilən ardıcıllıqla ödəniş edilir.

  • “Hökümət Ödəniş portalı”nın internet informasiya ehtiyatlarına (www.gpp.az) daxil olur.
  • “Bütün ödənişlər” → “Büdcə” →”Daxili İşlər Nazirliyi” bölməsinə keçid edir.
  • Müraciət edən tərəf müvafiq olaraq FİN nömrəsi və ya ümumvətəndaş pasportunun nömrəsini daxil edir.
  • Ümumvətəndaş pasportlarının verilməsi və ya dəyişdirilməsinə görə” bəndini əlavə edir.
  • Plastik ödəniş kartının məlumatları daxil edilərək, ödəniş yekunlaşdırılır.
  • Qəbz çap edilir.
 Qeyd: Qəbzlərdə passport alan şəxsin soyadı, adı, atasının adı, eləcə də İtaliyadakı ünvanı göstərilməlidir.
 
2. Pasportu itmiş və ya oğurlanmış vətəndaşlara Səfirlik vasitəsilə yeni pasportun rəsmiləşdirilməsi üçün yuxarıda qeyd olunan sənədlərdən əlavə tələb olunan sənədlər:
 
• pasportun itirildiyini və ya oğurlandığını təsdiq edən polisin müvafiq arayışı;
 
• itmiş və ya oğurlanmış pasportun surəti;

• 75 manat məbləğində dövlət rüsumunun Bakıda Daxili İşlər Nazirlyinin Pasport, Miqrasiya və Qeydiyyat Baş İdarəsinin kassasına ödənilməsi; həmin məbləğ ödənildikdən sonra, müvafiq qəbz Xarici İşlər Nazirliyinin  Konsulluq İdarəsinə (surəti Səfirliyə göndərilməlidir) təqdim olunmalıdır. 

Qeyd: Yuxarıda qeyd olunan dövlət rüsumu  “Hökümət Ödəniş portalı”nın  internet informasiya ehtiyatları (www.gpp.az) vasitəsilə də ödənilə bilər. 

 Aşağıda göstərilən ardıcıllıqla ödəniş edilir.

 
 
 
 

Arxiv üzrə axtarış