Azərbaycan çayı yenidən FAO-nun Baş qərargahında təqdim edilib
Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 21 May – Beynəlxalq Çay Günü ilə əlaqədar təşkil etdiyi tədbirdə təmsil olunub.
“Çay sənayesini davamlılığını təmin etmək, yerli icmaları dəstəkləmək” başlıqlı keçirilən bu ilki tədbirdə çayın dolanışıq vasitələrinə, mədəni irsə və aqro-ərzaq sistemlərinin dayanıqlığına verdiyi töhfələr, eyni zamanda çay yetişdirən icmaların əhəmiyyəti vurğulanıb.
FAO-nun baş direktoru Qu Donqyu tədbirdə açılış nitqi ilə çıxış edərək bildirib ki, biz bu gün biz dünyanın hər yerində istifadə edilən içkidən daha çoxunu qeyd edirik, həyatı çayla bağlı olan insanları, mədəniyyətləri, adət-ənənələri və icmaları qeyd edirik.
Baş direktor çayın nəsillər boyu ailələri, qonşuları, dostları və millətləri birləşdirdiyini, onun sadəcə bir məhsuldan daha çox şey olduğunu vurğulayaraq, çayın, xüsusən də kənd yerlərində yaşayan milyonlarla insan üçün vacib gəlir mənbəyi kimi xidmət etdiyini söyləyib. O, çıxışında digər ölkələrlə yanaşı, Azərbaycanda da bu sektorun inkişaf etdiyini və artıq illərdir ki, ölkəmizin FAO-dakı bu təşəbbüsdə aktiv iştirak etdiyini bildirib.
Sərgidə təqdim olunan Azərbaycan çayları, balları, mürəbbələri, milli şirniyyatları və quru meyvələri iştirakçıların böyük marağına səbəb olub. FAO-nun Baş direktoru da Azərbaycan stendi ilə tanış olub, milli təamlardan dadıb.
Xatırladaq ki, 2019-cu ildə BMT Baş Assambleyasında mayın 21-nin Beynəlxalq Çay Günü elan olunması barədə qətnamə qəbul edilib və FAO-da silsiləvi təbdirlər 2020-ci ildən keçirilir. Builki Beynəlxalq Çay Gününün qeyd edilməsində Azərbaycanla yanaşı, Türkiyə, Çin, Kanada, Rusiya, Şri Lanka, İndoneziya, Keniya milli stendlərlə iştirak edib, Çinin Haynan əyalətindən olan Vucişan Yağış Meşəsi Uşaq Xoru musiqi parçaları ifa edib, İndoneziyanın ənənəvi angklung musiqisi təqdim olunub.