2017-11-30
İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalının açılışı keçirilmişdir

29 noyabr tarixində Roma şəhərinin “Baglioni Hotel Regina” mehmanxanasında Azərbaycanın İtaliyadakı Səfirliyi, İtaliya-Azərbaycan Ticarət Palatası və “Baglioni Hotel Regina” mehmanxanasının birgə təşkilatçılılğı ilə İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalının təntənəli açılışı keçirilmişdir.

Tədbirdə İtaliya hökumətinin, parlamentinin nümayəndələri, mədəniyyət, incəsənət, kulinariya aləminin tanınmış simaları, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bildirmişdir ki, İtaliyada ilk dəfə keçirilən Azərbaycan Mətbəxi Festivalının təşkilində məqsəd Azərbaycanın zəngin mədəniyyətinin tərkib hissəsi olan və Azərbaycan xalqının əsrlər boyu formalaşmış tarixi dəyəri olan kulinariya ənənələrimizin italyanlara tanıdılmasıdır. Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf edən 2017-ci il ərzində Səfirlik tərəfindən İtaliyada bir sıra mədəni tədbirlərin, o cümlədən Birinci Azərbaycan Kino Festivalının da keçirildiyini vurğulayan diplomat bu tədbirlərin iki ölkənin xalqları arasında təmasların daha da yaxınlaşmasına xidmət etdiyini demişdir.

Sonra çıxış edən İtaliyanın mədəniyyət və turizm nazirinin müavini Antimo Çezaro (Antimo Cesaro) cari ilin may ayında Bakıda keçirilmiş İV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarını bölüşərək, Azərbaycan mədəniyyəti, incəsənəti, arxitekturası, mətbəxinə heyranlığını bildirmiş, Azərbaycanın multikulturalizm ənənələrini təqdir edərək Azərbaycan mətbəxinin zənginliyi və unikallığının da məhz ölkəmizdə mədəniyyətlərin qaynayıb-qarışmasının nəticəsi olduğunu demiş, habelə ölkəmizdə mədəni irsin qorunması və dünyaya təqdim edilməsi istiqamətində aparılan işləri yüksək qiymətləndirmişdir.

İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi isə Festivalın keçirilməsinin Azərbaycan mətbəxi ilə yanaşı, Azərbaycanın ərzaq məhsullarının və “Made in Azerbaijan” brendinin də İtaliyada təqdim edilməsi üçün yaxşı imkan olduğunu demiş, Festivalda bir sıra Azərbaycan şirkətlərinin, o cümlədən “Gilan Qəbələ Konserv Zavodu”, “İsmayıllı Şərab 2 ASC”, “AzNar QSC” və “RaziRice” kimi şirkətlərin məhsullarının nümayiş etdirildiyini bildirmişdir.

Son olaraq çıxış edən məşhur italyan kulinariya jurnalisti və tənqidçisi Karlo Kambi (Carlo Cambi) Azərbaycan mədəniyyətinə valeh olduğunu demiş, Azərbaycanın kulinariya ənənələri, mətbəximizin tərkib hissəsi olan təamlarımızın xüsusiyyətləri, ölkəmizin kənd təsərrüfatı ənənələri, Azərbaycan şərablarının xarakterik cəhətləri barədə danışmışdır.

Daha sonra Azərbaycandan gəlmiş peşəkar aşpazlar Abuzər Şirəliyev və Tural Bayramov iştirakçılara təqdim edilmişlər və aşpazlar milli mətbəximizin atributlarından biri “Şah Plov”u nümayiş etdirmişlər. Festivalın rəsmi açılışı qırmızı lentin kəsilməsi ilə elan edilmiş və iştirakçılar Azərbaycan təamlarının dadına baxmağa dəvət edilmişlər. Milli komponentlərimizlə bəzədilmiş Azərbaycan süfrəsində təqdim edilən 14 cür təamlarımız, habelə milli mətbəximizin özünəməxsus komponentləri olan nar şirəsi, şərbət növləri, zəfəran, sumax, eləcə də Azərbaycan istehsalı olan şərablar və çay tədbir iştirakçıları tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır.

Tədbirdə Azərbaycan və italyan musiqiçilərinin birgə ifasında Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunmuş, eləcə də milli mətbəximizə aid materiallar paylanılmışdır.

İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalı 30 noyabr və 1 dekabr tarixlərində “Baglioni Hotel Regina” mehmanxanasının “Brunello” restoranında davam edəcəkdir.

növbəti xəbər əvvəlki xəbər