2017-07-11
Səfir Məmməd Əhmədzadə “Aralıq dənizi icmalarının ssenarisi və perspektivləri” adlı konfransda çıxış etmişdir

Səfir Məmməd Əhmədzadə “Asiya və Afrika Aralıq dənizi İnstitut”u – İSMAA tərəfindən Kapraniketta Konqres Mərkəzində təşkil olunmuş “Aralıq dənizi icmalarının ssenarisi və perspektivləri” adlı konfransda çıxış etmişdir.

Çıxışında səfir M.Əhmədzadə Avropa və Asiya arasında yerləşən Azərbaycanın bu iki qitəni birləşdirən körpü kimi tarixi rolunu mədəni, iqtisadi və siyasi cəhətdən təhlil etmişdir. O, Azərbaycanın multikultural modeli, transmilli neft, qaz və infrastruktur layihələrinin həyata keçirilməsində ölkəmizin vacib rolu, həm regional ölkələrlə əməkdaşlığın inkişafına, həm də Asiya və Avropa ölkələri ilə əlaqələrin gücləndirilməsinə hədəflənmiş Azərbaycanın xarici siyasəti haqqında danışmışdır.

Silahlı münaqişələrin regionda sülh və təhlükəsizliyə əsas təhdid olduğunu bildirən səfir, bu xüsusda Ermənistan və Azərbaycan arasında münaqişə və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, xüsusilə Ermənistan silahlı qüvvələrinin mülki azərbaycanlı əhaliyə qarşı sonuncu hücumları barədə məlumat vermiş, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun regionda gərginliyin əsas mənbəyi olduğunu vurğulamışdır. Azərbaycan ilə İtaliya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinə də toxunan səfir İtaliyanın gələn il ATƏT-ə sədrliyinin münaqişənin həllinə müsbət töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.  M.Əhmədzadə qeyd etmişdir ki, bu münaqişə həll edilmədən regionda dayanıqlı iqtisadi inkişaf və firavanlıq üçün ən vacib amillər olan sülh və təhlükəsizliyi təmin etmək mümkün deyildir. 

növbəti xəbər əvvəlki xəbər