2017-06-10
Natiq Əliyevin vəfatı ilə əlaqədar başsağlığı

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev 9 iyun 2017-ci il tarixində ömrünün 70-ci ilində vəfat etmişdir.

Beynəlxalq enerji siyasəti sahəsində tanınmış mütəxəssislərdən olan Natiq Əliyev uzun illər Azərbaycanın milli maraqlarının qorunması üçün bilik və bacarığını əsirgəməyərək, özünün yüksək peşəkarlığı və təşəbbüskarlığı sayəsində ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına yönəlmiş dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanıb müvəffəqiyyətlə gerçəkləşdirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir. Azərbaycanın 1994-cü ilin sentyabrında dünyanın transmilli şirkətləri ilə imzaladığı “Əsrin müqaviləsi” ilə başlanan yeni neft strategiyasının uğurla həyata keçirilməsində, neft-qaz sazişlərinin imzalanmasında, Bakı–Supsa, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum kimi qlobal layihələrin reallığa çevrilməsində və bütövlükdə Azərbaycanın enerji sahəsində tarixi nailiyyətlər qazanmasında Natiq Əliyevin özünəməxsus xidmətləri vardır. O, qlobal enerji təhlükəsizliyi layihəsi sayılan “Cənub Qaz Dəhlizi” üzrə əməkdaşlıq münasibətlərinin qurulması və layihənin yerinə yetirilməsi işinə layiqli töhfələr vermişdir.

Natiq Əliyevin Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri kimi Azərbaycan-İtaliya əlaqələrinin inkişafında və iki ölkə arasında yaxın dostluq münasibətlərinin gücləndirilməsində də böyük xidmətləri olmuşdur. Bu xüsusda, sadəcə son bir il ərzində həmin komissiyanın 13 iyun 2016-cı il tarixində keçirilmiş sonuncu 4-cü iclasında iştirak etmək üçün Romada səfərdə olmuş, habelə 7 noyabr 2016-cı il və 23 fevral 2017-ci il tarixlərində Azərbaycanda səfərdə olmuş müvafiq olaraq İtaliyanın o vaxtı xarici işlər naziri, hazırkı Nazirlər Şurasının sədri Paolo Centiloninin və iqtisadi inkişaf naziri Karlo Kalendanın rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşlər keçirmişdir.

Natiq Əliyevin vəfatı xəbəri Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyinin kollektivi olaraq bizləri çox sarsıtmışdır. Bu münasibətlə mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və onlara səbr və dəyanət diləyirik. Natiq Əliyevin əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!
 
növbəti xəbər əvvəlki xəbər