2017-02-07
Milan şəhərinin Busto Qarolfo bələdiyyəsində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilmişdir

Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində İtaliyanın Milan şəhərinin Busto Qarolfo (Busto Garolfo) bələdiyyəsinin binasında Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr edilmiş bədii-musiqili gecə keçirilmişdir.

Tədbirdə Busto Qarolfo bələdiyyəsinin sədri xanım Suzanna Biondi, Azərbaycanın İtaliyadakı Səfirliyinin birinci katibi Erkin Heydərli, Cuzeppe Verdi adına Milan Konservatoriyasının professoru, Vladimir Belman adına xorun bədii rəhbəri David Qualtiyeri və Milanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf Mais Nuriyev çıxış etmişlər.

Ardınca Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış film nümayiş etdirilmişdir. Daha sonra xoreoqraf Mais Nuriyev tərəfindən Xocalı soyqırımı mövzusunda hazırlanmış xoreoqrafik proqram italyan gənclərinin ifasında təqdim olunmuşdur. Tədbirdə, həmçinin Xocalı soyqırımı mövzusunda David Qualtiyeri həm özünün müəllifi olduğu, həm də Azərbaycan şairlərinin italyan dilinə tərcümə edilmiş şerlərini səsləndirmişdir.

növbəti xəbər əvvəlki xəbər