2017-01-21
Roma Sapienza Universitetində 20 yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilmişdir

Azərbaycanın İtaliyadakı Səfirliyi, Roma Sapienza Universiteti və İtaliya-Azərbaycan Gənclər Assosiasiyasının birgə təşkilatçılığı ilə Sapienza Universitetində 20 yanvar faciəsinin 27-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

İtaliyanın akademik dairələrinin, KİV-lərinin, Azərbaycan icmasının nümayəndələrinin, bu ölkədə təhsil alan Azərbaycan və digər ölkələrdən olan tələbələrin iştirak etdiyi tədbirin əvvəlində 20 yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə 20 yanvar faciəsinin acı nəticələri barədə məlumat vermiş, faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və ona siyasi-hüquqi qiymətin verilməsində Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən danışmış, bu faciənin Azərbaycan xalqının müstəqillik əzminin güclənməsinə təsirindən, ölkəmizin müstəqillik illərində keçdiyi yoldan bəhs etmişdir.  

Roma Sapienza Universitetinin dosenti və tədqiqatçısı Daniel Pommier Sovetlər İttifaqının son illərində mövcud siyasi prossesləri, 20 yanvar faciəsi ətrafında baş vermiş hadisələri, bu faciənin Azərbaycandakı siyasi vəziyyətə təsirini təhlil etmişdir.

İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun tədqiqatşısı Karlo Frappi 20 yanvar faciəsindən sonra Azərbaycanda baş vermiş hadisələr, ölkənin müstəqillik yolunda əldə etdiyi nailiyyətlər, Azərbaycanın strateji əhəmiyyəti, multikulturalizm ənənələri, regional və beynəlxalq siyasəti, Avropa və İtaliya üçün önəmindən danışmışdır.

Son olaraq çıxış edən İtaliya-Azərbaycan Gənclər Assosiasiyasının sədri Fərid Abbasov Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin bütün Azərbaycan gəncliyi üçün nümunə olduğunu və onların xatirəsinin hər zaman yaddaşlarda qalacağını demişdir.

növbəti xəbər əvvəlki xəbər