2016-11-04
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü Romada qeyd edilmişdir

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Azərbaycanın İtaliyadakı Səfirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Florensiya “Luigi Cherubini” Musiqi Konservatoriyası ilə birgə konsert təşkil etmişdir.

Romanın məşhur “Palazzo della Cancelleria” sarayında keçirilmiş tədbirdə İtaliyanın müxtəlif dövlət qurumlarının nümayəndələri, Senat və Deputatlar Palatasının üzvləri, diplomatik korpusun, iqtisadi, elmi-akademik dairələrin nümayəndələri, incəsənət xadimləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycanın dövlət müstəqilliyinin bərpası, ölkəmizin müstəqillik dövründə keçdiyi yol, xarici siyasəti, İtaliya ilə əməkdaşlığı, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrdən danışmışdır. İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri senator Sercio Divina Azərbaycanın multikulturalizm ənənələri, ölkəmizin regionda oynadığı önəmli rolundan bəhs etmiş, Azərbaycan-İtaliya əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini bildirmişdir.

Konsertdə azərbaycanlı pianoçu, xalq artisti Yeganə Axundova və skripkaçı, xalq artisti Zəhra Quliyeva, italiyalı tenor Leonardo De Lisi və violançelist Pierluici Rucciero tərəfindən məşhur italyan və Azərbaycan bəstəkarlarının əsərlərinin ifası auditoriya tərəfindən hərarətli alqışlarla qarşılanmışdır. Tenor Leonardo De Lisinin Üzeyir Hacıbəylinin “Sevgili-canan” romansını ifa etməsi isə tamaşaçıların xüsusi marağına səbəb olmuşdur.

Tədbir ziyafətlə davam etdirilmişdir.

Sözügedən tədbir İtaliya mətbuatının diqqət mərkəzində olmuş, “Dazebaonews” (http://www.dazebaonews.it/cultura/item/45066-un-concerto-di-musica-classica-per-ricordare-l-indipendenza-dell-azerbaigian.html), Notizie Yahoo” (https://it.notizie.yahoo.com/azerbaigian-festeggia-indipendenza-con-concerto-italo-azero-124819530.html), “Agenpress” (http://www.agenpress.it/notizie/2016/11/02/concerto-occasione-del-xxv-anniversario-della-riconquista-dellindipendenza-della-repubblica-dellazerbaigian/), “Andradelab” (http://www.andradelab.it/azerbaigian-concerto-musica-classica-xxv-anniversario-dellindipendenza/), “Radicolonna” (http://www.radiocolonna.it/arte_e_cultura/20161102/37848/musica_classica_per_ricordare_lindipendenza_dellazerbaigian/) kimi mətbuat-informasiya agentlikləri və portallarında yazılar dərc olunmuşdur.

növbəti xəbər əvvəlki xəbər