2016-08-22
Azərbaycan “Rio-2016”da rekord göstəricilər əldə etmişdir

 

Braziliyanın Rio de Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarına (Rio-2016) Azərbaycan yığma komandası əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – 56 idmançı ilə qatılmışdır. Azərbaycan idmançıları idmanın 18 növü üzrə yarışlarda iştirak etmişlər, o cümlədən ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunmuşdur. “Rio-2016”da ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə olimpiya oyunlarının iştirakçısı idi. Bu olimpiya oyunlarında Azərbaycan güləş, gimnastika və boks yarışlarında olmaqla 3 hakimlə də təmsil olunmuşdur.

“Rio-2016” Azərbaycan üçün uğurlu olmuş, ölkəmizin komandası 1 qızıl, 7 gümüş və 10 bürünc olmaqla 18 medal qazanmışdır. Azərbaycan yığması bu nəticə ilə mükafat qazanan ölkələr arasında 39-cu pillədə qərarlaşmış, medal sayına görə isə 15-ci yeri tutmuşdur.

“Rio-2016”da Azərbaycana aşağıdakı idmançılar medal qazandırmışdır: taekvondoçu Radik İsayev qızıl medal, sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular Rütəm Orucov və Elmar Qasımov, qadın güləşçimiz Mariya Stadnik və kanoeçi Aleksandr Demyanenko gümüş medal, taekvondoçular Milad Beiqi Harçeqani və Patimat Abakarova, boksçu Kamran Şahsuvarlı, güləşçilər Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov, avarçəkən İnna Osipenko-Radomskaya bürünc medal.

Azərabycan olimpiya oyunlarında 1992-ci ildən iştirak edir. İndiyə qədər ölkəmiz olimpiya oyunlarında 46 medal qazanmışdır ki, bunlardan 8-si qızıl, 12-i gümüş və 26-sı bürünc medal olmuşdur. “Rio-2016”da Azərbaycan həm iştirak edilmiş idman növləri, həm komanda heyətinin sayı, həm də əldə edilmiş medalların sayına görə özünün olimpiya oyunlarında iştirak tarixində rekord göstəricilər əldə etmişdir.

növbəti xəbər əvvəlki xəbər