2016-06-18
İtaliyalı jurnalist Azərbaycanın iqtisadi potensialı barədə məqalələrlə çıxış etmişdir

İtaliyada ixracın təşviqinə həsr olunmuş “exportiamo.it” internet saytında jurnalist Culiyano Bifolkinin müəllifi olduğu “Azərbaycan-İtaliya: enerji tərəfdaşlığı və ticarət əlaqələri hər zaman qüvvətlidir” və “Azərbaycan iqtisadiyyatını şaxələndirmək üçün xarici tərəfdaşlar axtarışındadır” adlı silsilə məqalələr yerləşdirilmişdir.

“Azərbaycan-İtaliya: enerji tərəfdaşlığı və ticarət əlaqələri hər zaman qüvvətlidir” adlı məqalədə müəllif iki ölkə arasında münasibətlərin möhkəm əsaslarının 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində İtaliyanın Baş naziri Matteo Renzi ilə birgə qəbul etdiyi “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq Haqqında Birgə Bəyannamə”də öz əksini tapdığını bildirir. Azərbaycan-İtaliya iqtisadi əlaqələrinə toxunan müəllif İtaliyanın Azərbaycanın birinci tərəfdaşı olması, TAP layihəsinin həyata keçirilməsi ilə əlaqələrin daha da genişlənəcəyi və İtaliyanın Avropanın enerji bazarında rolunun möhkəmlənəcəyini qeyd edir. Cari il 13 iyun tarixində Romada keçirilmiş Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası, bu çərçivədə təşkil edilmiş Biznes Forum haqqında məlumat verən müəllif, bu tədbirlərdə diqqətin habelə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, xüsusən də alternativ enerji, infrastruktur, logistika, aqro-sənaye və əczaçılıq sahələrində İtaliya şirkətləri üçün mövcud imkanlara verildiyini qeyd etmişdir. Müəllif Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin də fikirlərinə istinad edərək 2010-cu ildən bəri İtaliyanın Azərbaycana ixracının 3 dəfə artığını və əlaqələrin daha da inkişafı üçün mövcud potensial barədə də danışmışdır.

 “Azərbaycan iqtisadiyyatını şaxələndirmək üçün xarici tərəfdaşlar axtarışındadır” adlı məqalədə isə müəllif ölkəmizin müstəqillik əldə etdiyi dövrdən etibarən həyata keçirdiyi neft strategiyası, ölkənin əldə etdiyi iqtisadi nailiyyətlər, Cənubi Qaz Dəhlisi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verilir. Azərbaycanın əlverişli coğrafi mövqeyə malik olduğunu nəzərə alaraq, önəmli loqistika mərkəzinə çevrilməsi imkanları barədə də danışılır. Bu istiqamətdə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Trans-Avrasiya Super İnformasiya Magistralı kimi layihələr barədə məlumat verilir. Məqalədə, habelə Azərbaycanda kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sektoru, ölkəmizin önəmli ərzaq ixracatçısına çevrilməsi potensialı barədə də danışılır.

Məqalələrlə aşağıdakı linklərdən tanış ola bilərsiniz:

http://www.exportiamo.it/aree-tematiche/12792/azerbaigianitalia-partnership-energetica-e-relazioni-commerciali-sempre-piu-forti/

http://www.exportiamo.it/aree-tematiche/12798/azerbaigian-italia-partnership-energetica-e-relazioni-commerciali-sempre-piu-forti-parte-ii/

növbəti xəbər əvvəlki xəbər