2016-06-16
Energetika naziri Natiq Əliyev İtaliyanın AGİ xəbərlər agentliyinə müsahibə vermişdir

 

Azərbaycan Respublikasının energetika naziri,  Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Natiq Əliyevin İtaliyanın “AGI” informasiya agentliyinin jurnalisti Candomeniko Serrayo verdiyi müsahibəsi işıq üzü görmüşdür.

Jurnalistin suallarını cavablandıran N.Əliyev bildirmişdir: “Cənub Qaz Dəhlizi dünya səviyyəsində nadir Şah Dəniz yatağındakı qazla həyata keçiriləcəkdir. Azərbaycan üçün yatağın inkişaf etdirilməsi çox mühümdür. Yataq daxili bazar və qonşu ölkələrin tələbatını ödəməkdən də artıq qaz ehtiyatlarına malikdir. Bu səbəbdən qazı Avropaya çatdırmaq qərarına gəldik. Azərbaycan üçün qazı satmaq çox vacibdir. Ən etibarlı bazar isə Avropa bazarıdır. Avropa Komissiyası da öz tərəfindən mənbələri və təchizat marşrutlarını şaxələndirmək istəyir ki, bu məqsəd Azərbaycanın qaz satışı ilə bağlı planları ilə üst-üstə düşür. Beləliklə, TAP sadəcə Azərbaycanın deyil, həm də Avropanın prioritetidir. Bu səbəbdən, qaz yatağının II fazasını inkişaf etdirmək istəyirik. Layihəyə yatırılacaq sərmayə də olduqca nəhəngdir, 45 milyard dollar. Bu, sadəcə iqtisadi layihə deyil, həm də texnoloji və sosial layihədir, çünki on minlərlə yeni iş yerinin açılmasına səbəb olacaqdır. Şah Dəniz yatağının işlədilməsinin ikinci mərhələsində Cənub Qaz Dəhlizi ilə 16 milyard kub metr qaz ixrac olunacaqdır ki, bunun 6 milyard kub metri Türkiyə bazarında realizə olunacaqdır. Lakin Azərbaycanda Abşeron qaz yatağı kimi Şah Dənizdən başqa böyük imkanları olan digər qaz yataqları da vardır. Abşeron yatağının ehtiyatı 400 milyard kub metr qiymətləndirilir. Avropaya qaz nəqlinin birinci mərhələsinin müvəffəqiyyətlə başa çatması Azərbaycanın digər qaz yataqlarının da layihəyə  cəlb olunaraq, qaz həcminin artırılmasına şərait yaradacaqdır”.

İşlərin görülməsi qrafikinə riayət edildiyini vurğulayan nazir Natiq Əliyev qeyd etmişdir: “İnşaat işləri bu il başlayaraq 2019-cu ildə bitəcəkdir. İlk qaz İtaliyaya 2020-ci ildə çatacaqdır. Şah Dəniz yatağının istismarının II mərhələsinin icrası nəzərdə tutulmuş cədvəldən daha tez icra olunur. Dəniz dibindəki quyular artıq hazırdır, platforma və boru kəmərləri tikilməkdədir. Nəzərdə tutulmuş cədvəldə dəyişiklik və gecikmələrin olması üçün səbəb yoxdur. 2019-cu ildə qazı Türkiyəyə, növbəti ildə Avropa və İtaliyaya nəql edəcəyik. Layihənin vaxtında icrası digər aidiyyəti ölkələrdə - Yunanıstan, Albaniya və İtaliyada işlərin icrasının sürətindən də asılıdır. İnşaat işləri üçün çoxsaylı icazə və lisenziyaların əldə edilməsinə ehtiyac vardır. Həmin icazələrin alınması da işin surətinə təsir edəcəkdir”.

Azərbaycanın energetika naziri əlavə etmişdir ki, dünya xəritəsinə nəzər yetirsək burada milyonlarla kilometr neft və qaz boru kəmərləri, mühəndislik qurğuları görə bilərik. Bu işlər görülərkən ətraf mühitin qorunması məqsədilə texnologiyalardan istifadə edilir və bu sahədəki normalara riayət edilir. Boru xətləri beynəlxalq normalara sərt riayət şəraitində çəkiləcək, ərazilərdəki torpaq və su ehtiyatlarını qoruyacaqdır.

Layihəyə Snam və Saipem kimi italyan şirkətlərinin cəlb edildiyinə münasibətdə nazir Natiq Əliyev bildirmişdir ki, həmin şirkətlər Azərbaycanın köhnə tərəfdaşlarıdır. “Saipem 1994-cü  ildən Azərbaycanda meqa layihələrə cəlb olunmuşdur və bizim 20 illik birgə iş təcrübəmiz var. Bu şirkətlərin layihəyə cəlb olunması mühümdür, onlar ölkəni, qanunvericiliyi bilir, yerli orqanlar tərəfindən tanınırlar. Bizim üçün etibarlıdırlar, düşünürəm ki, İtaliya üçün də həmin şirkətlərin bu layihədə iştirakı vacibdir”, deyə Natiq Əliyev fikirlərini tamamlamışdır.

Müsahibə ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://www.agi.it/economia/energia/2016/06/14/news/tap_azerbaigian_tempi_rispettati_piu_gas_per_ue_e_italia-856438/

Qeyd etmək istərdik ki, cari ilin 13 iyun tarixində Roma şəhərində Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilmişdir. Tədbirdə Hökumətlərarası Komissiyanın həmsədri, energetika naziri Natiq Əliyevin rəhbərliyi ilə Azərbaycanın müxtəlif dövlət qurumlarını təmsil edən heyət iştirak etmişdir.

növbəti xəbər əvvəlki xəbər