2016-04-27
Azərbaycanın İtaliya ilə hər zaman isti münasibətləri olub

http://azertag.az/xeber/946218 

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edən İtaliya mədəniyyət naziri katibinin müavini Dorina Bianchi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Forumun əhəmiyyəti, Azərbaycan və İtaliya arasında mədəni əlaqələr müzakirə edilib. Əbülfəs Qarayev Azərbaycanın İtaliya ilə hər zaman isti münasibətlərinin olduğunu diqqətə çatdıraraq, ölkəmizin mədəni irsi haqqında qonaqları məlumatlandırıb. Mədəniyyət sahəsində qarşılıqlı əlaqələrdən söz açan nazir İtaliya və Azərbaycan muzeyləri arasında əlaqələrin vacibliyini vurğulayıb.

Azərbaycanın turizm potensialının özəlliklərini qonaqların diqqətinə çatdıran Ə.Qarayev Azərbaycan Turizm və Menecment Universiteti, Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək, Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birlikləri haqqında qonaqlara məlumat verib. Ölkəmizdə sağlamlıq, dağ, əyləncə və digər turizm növlərinin inkişaf etdiyini söyləyib.

Dorina Bianchi yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, İtaliya ilə Azərbaycan arasında mədəni əlaqələrin bundan sonra da davam etdiriləcəyinə və genişlənəcəyinə əminliyini vurğulayıb.

növbəti xəbər əvvəlki xəbər