2016-04-12
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın təhsil naziri ilə görüşmüşdür

 

Cari il 12 aprel tarixində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın təhsil naziri xanım Stefania Giannini ilə görüşmüşdür. Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilmişdir.

Səfir M.Əhmədzadə italiyalı nazirə Azərbaycanda təhsil sektoru və bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı məlumat vermiş, Azərbaycan və İtaliya arasında təhsil sahəsində əməkdaşlığın inkişafı üçün iki ölkənin müvafiq nazirlikləri, təhsil müəssisələri, elmi-tədqiqat mərkəzləri arasında  əlaqələrin və mübadilələrin vacibliyini qeyd etmişdir.

Əvvəllər Perugia Universitetinin rektoru və senator kimi Azərbaycana səfərlər etdiyini deyən S.Giannini ölkəmiz haqqında xoş təəssüratlarını bölüşmüşdür. S.Giannini iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu və növbəti illərdə əməkdaşlığın daha da geniş vüsət alacağına əmin olduğunu vurğulamışdı.

 

növbəti xəbər əvvəlki xəbər