2016-04-06
İtaliya deputatları: Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmalıdır

http://azertag.az/xeber/941774 :

 

İtaliya parlamentinin bir qrup üzvü Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb.

Azərbaycanın İtaliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bəyanat İtaliyanın “Il Giornale”, “Daily Cases”, “Andrade Lab” kimi analitik-informasiya portallarında yerləşdirilib.

İtaliya-Azərbaycan Dostluq Qrupunun prezidenti senator Sercio Divina Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrlə bağlı bildirib: “İtaliya parlamentariləri olaraq, Dağlıq Qarabağ regionunda baş verən son hadisələrdən narahatıq. Erməni tərəfinin mülki əhalinin də hədəfə alındığı saysız hücumları və ona Azərbaycan tərəfinin cavab verməsi sakitləşmiş münaqişə ocağının yenidən alovlanmasına səbəb olub. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi mövcuddur ki, bu sənədlərdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan torpaqlarından çıxarılması tələb olunur. Həmin qətnamələrə və Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT və NATO kimi beynəlxalq təşkilatların qəbul etdiyi bu kimi sənədlərə Ermənistan tərəfindən məhəl qoyulmur. Biz istərdik ki, münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün İtaliya hökuməti və parlamenti Ermənistandan müvafiq beynəlxalq qətnamələri və digər sənədləri yerinə yetirməyi tələb etsin”.

Parlamentin Nümayəndələr Palatasının deputatı, Demokratik Partiyanın üzvü xanım Kristina Margero qeyd edib: “BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası dəfələrlə təkrar edib ki, münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün erməni silahlı qüvvələri Azərbaycanın ərazilərindən çıxarılmalıdır. İtaliyada bütün siyasi qrupların münaqişənin təhlili nəticəsində gəldiyi nəticə bu fikirlə eynilik təşkil edir”.

“Foza Italia” (“İrəli İtaliya”) siyasi partiyasını parlamentdə təmsil edən senator xanım Mariya Rizzotti münaqişənin azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə və Azərbaycanın mədəni irsinin dağıdılması kimi ağır nəticələrinə diqqəti yönəldib, beynəlxalq ictimaiyyətin buna tamamilə laqeyd qaldığını bildirib. O, heç bir nəticənin əldə edilmədiyinə görə düşmənçiliyin davam etdiyini vurğulayıb.

Senator və “5 ulduz” partiyasının üzvü Canluka Kastladi bildirib: “Davamlı sülhə nail olmaq üçün erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Qurumlar və siyasət arasında uzlaşmanın olması İtaliya üçün qeyri-adi haldır. Bir sıra məsələlərlə bağlı polemikalarda İtaliya hökuməti ilə ortaq məxrəcə gəlmək çətin olur, lakin vəziyyətin təhlili göstərir ki, məsələ ilə bağlı hər iki tərəfin rəyi eynidir”.

Senatın müdafiə komissiyasının prezidenti Nikola Lattore qeyd edib: “BMT-nin münaqişənin həlli istiqamətindəki cəhdləri nəticə verməyib. Beynəlxalq ictimaiyyətin kəskinləşmək ehtimalı olan münaqişəyə diqqəti olduqca zəifdir. Hazırda atəşkəsə riayət olunması vacibdir. ATƏT-in Minsk qrupu və həmsədrlərin təşəbbüsü ilə danışıqlara yenidən başlanılmalıdır”.

növbəti xəbər əvvəlki xəbər