2016-06-08
Azərbaycan səfiri ermənipərəst jurnalistin təxribatçı yazısını cavablandırıb

21 may tarixində İtaliyanın “La Stampa” qəzetində jurnalist-fotoqraf Roberto Travanın “Dağlıq Qarabağ, sülh gözləyə bilər” adlı, cari ilin aprel ayının əvvəllərində təmas xəttində baş vermiş hərbi əməliyyatlarla bağlı Azərbaycana qarşı qərəzli və iftira xarakterli məqaləsi dərc edilmişdir.

R.Travanın məqaləsinə cavab olaraq 5 iyun tarixində “La Stampa” qəzetində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin məsələ ilə bağlı cavab məktubu bəzi ixtisarlarla dərc edilmişdir. M.Əhmədzadə Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin ayrılmaz tərkib hissəsi kimi tanındığını, 20 ildən artıq müddətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayonunu işğal altında saxladığını, Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, işğal olunmuş ərazilərimizdə, məqalədə yanılış şəkildə “respublika” kimi təqdim edilmiş, əslində isə heç bir ölkə, o cümlədən Ermənistanın özü tərəfindən də belə tanınmamış qondarma qeyri-qanuni rejimin yaradıldığını qeyd etmişdir. 2 aprel tarixində təmas xəttində hərbi əməliyyatların məhz Ermənistan silahlı qüvvələri tərəfindən başlanıldığına dair dəlillərin olduğunu qeyd edən M.Əhmədzadə Azərbaycan tərəfindən mülki əhali arasında baş vermiş itkilər və mülki obyektlərə dəymiş ziyan, Ermənistan silhalı qüvvələrində ASALA terrorçu təşkilatının üzvlərinin döyüşməsi, Azərbaycana qarşı Ermənistan ordusu tərəfindən kimyəvi silahlardan istifadə edilməsi və nüvə silahından istifadə ilə təhdid edilməsi faktlarına Travanın öz məqaləsində yer verməməsini qınamışdır. M.Əhmədzadə bildirmişdir ki, Ermənistan mövzu ilə bağlı geniş dezinformasiya kampaniyası həyata keçirməkdədir və Travanın müəllifi olduğu məqalə də həmin kampaniyanın bir hissəsidir. Belə ki, bu kimi məqalələrdə Ermənistanın Azərbaycan ərazilərini hərbi cəhətdən işğal etməsi və öz hərbi qüvvələrini həmin ərazilərdə saxlaması faktının bölgədə gərginliyin əsas mənbəyi olduğu gizlədilir. Səfir dini amilin münaqişəyə heç bir aidiyyətinin olmadığını vurğulamış, habelə əlavə etmişdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı beynəlxalq sənədlər, o cümlədən BMT TŞ-nin 4 qətnaməsi yerinə yetirilməmiş qalır.

Qəzetdə Azərbaycan diplomatının cavab məktubunun dərc edilməsi R.Travanı hiddətləndirmiş və o, cavab replikası ilə öz mövqeyinə gülünc arqumentlərlə haqq qazandırmağa cəhd göstərməklə yanaşı, əsassız iddialarla yenidən erməni tərəfinin müdafiəsinə qalxmışdır. Buna cavab olaraq M.Əhmədzadə qəzetin redaksiyasına növbəti məktub göndərərək Travanın təxribatçı və iftira dolu fikirlərinə münasibət bildirmiş və əlavə etmişdir ki, Travanın bir jurnalist olaraq fikir azadlığının müdafiəçisi olduğu halda qarşı tərəfin fikirlərinə dözümsüz yanaşması təəccüb doğurur. 

Ermənipərəst mövqeyi ilə tanınan R.Travanın adı 2015-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına daxil edilmişdir.

Məqalə və cavab replikaları ilə buradan tanış ola bilərsiniz: http://www.lastampa.it/2016/05/21/medialab/webdocauto/nagornokarabakh-la-pace-in-trincea-SWBXjbIooE3OQplukPJj5J/pagina.html

növbəti xəbər əvvəlki xəbər