Qayıdış Şəhadətnaməsinin Rəsmiləşdirilməsi

Ümumi məlumatlar

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 10-cu maddəsinə əsasən və “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq:

İtaliyada daimi yaşayan, etibarlıq müddəti bitmiş, yararsız hala düşmüş və ya səhifələri dolmuş pasport sahibləri, eləcə də xarici ölkə ərazisində pasportunu itirmiş və ya oğurlanmış Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında daimi qeydiyyatda olan vətəndaşlığı olmayan şəxslərin ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.

Qayıdış şəhadətnaməsi - Azərbaycan Respublikası vətəndaşının və Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəddir.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin iki növü var:

  • Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulan qayıdış şəhadətnaməsi  (AA seriyalı);
  • Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulan qayıdış şəhadətnaməsi (AB seriyalı).

Qanunvericiliklə müəyyən olunmuş məsuliyyət və məhdudiyyətlər

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında Azərbaycan Respublikasına qayıdan şəxs Azərbaycan Respublikasının ərazisinə qayıtdığı vaxtdan 20 gün müddətində bu şəhadətnaməni ona pasport verən Azərbaycan Respublikasının müvafiq dövlət orqanına təhvil verməlidir.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini almaq üçün müraciət edən şəxs özü barəsində bilərəkdən yanlış məlumat verərsə, ona şəhadətnamə verilməsindən imtina olunur və bu barədə yazılı cavab verilir. Şəhadətnamənin verilməsinə imtina edildikdə şəxslər bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət edə bilərlər.

Qayıdış şəhadətnaməsinin verilməsi üçün tələb olunan sənədlər

Şəhadətnamənin alınması üçün doldurulmuş ərizə-anket (nümunəsi əlavə olunur) Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna təqdim edilir.

Şəhadətnamənin verilməsi haqqında ərizə-anketə aşağıdakı sənədlər və ya onların surətləri əlavə edilməlidir:

  • pasport yararsız hala düşdükdə, səhifələri dolduqda və ya onun etibarlılıq müddəti bitdikdə - pasportun özü və surəti;
  • pasport itdikdə və ya oğurlandıqda, pasportun surəti və pasportun itirildiyini və ya oğurlandığını təsdiq edən polisin müvafiq arayışı;
  • 2 (iki) ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);
  • üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi və ya şəxsiyyətini və ya vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənədin surəti;
  • dövlət rüsumunun ödənilməsi haqqında sənəd.

Şəhadətnamənin verilməsi haqqında ərizə-anket Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda qeydiyyata alınır.

Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs tərəfindən göstərilən sənədlər təqdim edildikdən sonra Şəhadətnamə ərizə-anket qeydiyyata alındığı vaxtdan ən geci 3 təqvim günü müddətində verilir.

Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə, müstəsna hallarda isə birbaşa Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu göndərir.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti qısa müddət ərzində (3 iş günündən çox olmamaq şərtilə) sorğunun icrası ilə bağlı müvafiq yoxlamalar aparır və əldə olunmuş nəticələr barədə məlumatları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna bildirir.

Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin özləri barəsində təqdim etdikləri məlumatların düzgünlüyü təsdiq edildikdə, onlara 3 təqvim günü müddətində Şəhadətnamə verilir.

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Şəhadətnamə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin razılığı ilə verilir.

Dövlət rüsumu

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün Dövlət rüsumunun dərəcəsi və ödənilmə ünvanı.

“Dövlət rüsumu haqqında”  Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.1.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğu tərəfindən Azərbaycan Respublikası vətəndaşlarına və ya Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə ölkəyə qayıtmaq üçün pasportu əvəz edən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi üçün: 

– 40 ABŞ dollar məbləğində dövlət rüsumu ödənilməlidir.

İtaliya üçün: 

Unicredit Banca di Roma

Numero conto: 0000400992178

IBAN: IT 67 C 02008 05001 000400992178