Sənədlərin Leqallaşdırılmadan Azad Edilməsi

11 fevral 1978-ci il tarixdən etibarən İtaliya Respublikası və 5 mart 2004-cü il tarixdən etibarən Azərbaycan Respublikasının iştirakçısı olduğu Xarici Rəsmi Sənədlərin leqallaşdırılması tələbini ləğv edən 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına uyğun olaraq, müvafiq iştirakçı dövlətin Apostili (təsdiqnamə) ilə təsdiq edilmiş rəsmi sənədlər digər iştirakçı dövlətlərin konsulluq idarələri tərəfindən aparılan leqallaşdırılmadan azad olunurlar.

Apostil – Haaqa Konvensiyasına müvafiq olaraq, sənədin hazırlandığı və ya verildiyi ölkənin səlahiyyətli dövlət orqanı tərəfindən vurulan ştampdır. Azərbaycan Respublikasında apostil vurmaqla təsdiq etmək səlahiyyətinə Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi, İtaliya Respublikasında isə yerli səlahiyyətli orqanlar (PREFETTURA) malikdir.

Haaqa Konvensiyasına uyğun olaraq, Konvensiyanın təsir dairəsinə düşən aşağıdakı sənədlər rəsmi sənədlər hesab edilir:
 
a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər;

b) inzibati sənədlər;

c) notarial aktlar;
 
d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər);

Haaqa Konvensiyasına uyğun olaraq, aşağıdakı sənədlər Konvensiyanın təsir dairəsinə düşməyən sənədlər hesab edilir:

a) diplomatik və ya konsulluq idarələri tərəfindən icra edilən sənədlərə;

b) kommersiya və ya gömrük əməliyyatlarına birbaşa aidiyyəti olan inzibati sənədlərə.