AZƏRBAYCAN-KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI üzrə BEYNƏLXALQ FOND (IFAD)

Azərbaycan Respublikası və Kənd Təsərrüfatının İnkişafı üzrə

Beynəlxalq Fond (IFAD) arasında əməkdaşlıq

Azərbaycan IFAD-a 1997-ci ildə üzv olmuşdur. Bu ildən etibarən Azərbaycanda IFAD-ın iştirakı ilə 5 layihə həyata keçirilmişdir. Hazırda, yalnız "Kənd yerlərinin kompleks inkişafı" layihəsinin icrası davam edir.

Sözügedən layihələr IFAD tərəfindən Azərbaycan Hökuməti və digər beynəlxalq maliyyə qurumları ilə birlikdə uzunmüddətli və çox aşağı faiz dərəcəli kreditlər vasitəsilə maliyyələşdirilir. 

2010-2015-ci illər ərzində IFAD-ın Azərbaycanda strategiyası yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması və kənd əhalisinin yaşayış şəraitinin təkmilləşdirilməsi üzrə Hökumətin səylərini dəstəkləmək olmuşdur. IFAD tərəfindən Azərbaycan Respublikası Hökumətinin qəbul etdiyi Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramı çərçivəsində xüsusilə kənd yerlərinin inkişaf etdirilməsi və kənd iqtisadiyyatının aparıcı qüvvəsi olan kənd təsərrüfatına dəstək həyata keçirilmişdir.

IFAD prezidenti Kanayo Nvanze 2010-cu ildə İslam İnkişaf Bankının Rəhbər Şurasının iclasında iştirak ilə əlaqədar Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.